“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XIX turunda evdə “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:
- Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımız qələbənin əhəmiyyətini dərk edirdi. Bunu qazandığımız üçün xoşbəxtik. Komandam yaxşı oyun nümayiş etdirdi. Qələbə qazanmağa layiq idik. Az şans qazanan futbolçuların durumundan razı qaldım.
- Ruslan Abışov zədədən yeni qayıdıb. Onun son durumu necədir?
- Ruslanın ciddi zədədən qayıtdığını unutmayaq. Onun qayıdışına sevinirəm. İndiki vaxtda oynamaq üçün hazır deyil. Komanda ilə birgə məşq etmədiyi üçün kollektivdən geri qalır.
- Məhəmməd Mirzəbəyov oyunun sonlarına yaxın qırmızı vərəqə aldı. Həmin epizodla bağlı nə deyə bilərsiniz?
- Düşünürəm ki, həmin epizodda qayda pozuntusu yox idi. Azlıqda qaldıqdan sonra rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Futbolçumu itirmək istəmirdim. Həmin epizoda təkrar baxacağıq.
- Qələbə qazansanız da, oyunçularınızın sarı vərəqələrinin sayı çox oldu.
- Sarı vərəqə hər iki komandaya göstərildi. Ona görə də bu barədə çox danışmaq lazım deyil.
- Çempionluq uğrunda əsas rəqibiniz olan “Qarabağ”la xal fərqiniz minimuma enib. Çətin olacağını düşünmürsünüz?
- Mən “Qarabağ”ı düşünmürəm. Xal itirsək, bizə baha başa gələr. Artıq növbəti oyun barədə düşünməliyik. Çempionatın davamında bizi nələrin gözlədiyini görəcəyik.
- Epizodların birində rəqibin hücumçusu Marko Deviçə irad bildirdiniz. Nə baş verirdi?
- Bizim aramızda böyük problem olmadı. Platellasın sarı vərəqə aldığı epizodu müzakirə edirdik. Mənim fikrimcə, Platellasın epizodu o qədər də təhlükəli deyildi.
saytlarin hazirlanmasi