Emin Mahmudov: "Yalnız bir qol vurduqdan sonra qələbə qazanmaq şansın artır"

11:04 - 31 Mart 2019

“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Keşlə” 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan 26 yaşlı yarmmüdafiəçi öncə qələbəni şərh edib:

 

- Qələbə qazanmaq üçün çox əziyyət çəkdik. “Qarabağ”da burda asan qalib gəlməmişdi. Digər komandalar üçün burda çətin olur. Uzun ötürmələrdən istifadə etdik. Bu da bizə xas futbol deyildi. Ancaq önəmli olan qələbə idi. Bunu da qazandıq.

 

- “Keşlə”yə bu mövsüm bütün oyunlarda qalib gəlmisniz. Heç sizə bir qol vura bilməyiblər.

- Azərbaycan çempionatında asan oyun yoxdur. Yalnız bir qol vurduqdan sonra qələbə qazanmaq şansın artır.

 

- AFFA-nın Xorvatiyaya məğlubiyyət və Litva ilə oyunda heç-heçəyə mükafat ayırması söz-söhbətlərə səbəb oldu. Bu barədə sizin fikirləriniz necədir?

- Bunu AFFA-dan soruşmaq lazımdır. Mən danışmaq istəmirəm.

 

- Milli komanda yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında iki oyun keçirdi. Ümidlər və gözlənilər nədir?

- Hər oyun nəticə qazanmağa çalışacağıq.

 

- Qurban Qurbanovla Yurçeviçin nə fərqləri var?

- Hər baş məşqçinin öz tələbləri və oyun stilləri var. Hər mütəxəssis öz istədiyi oyunu nümayiş etdirmək istəyir. Fərq var, amma o qədər də yox.

 

- Xorvatiyaya ilə oyunda sizin formanıza soyadınız səhv yazılmışdı. Buna görə irad bildirmişdiniz?

- Heç fikir verməmişəm. Düşünmürəm ki, hansısa futbolçu paltardəyişmə otağına gələndə baxsın ki, formamda ad-soyadım düz yazılıb, yoxsa yox. Əsas görürsən ki, nömrən ordadır və formanı geyinirsən. Təsəvvür edin ki, Kriştiano Ronaldo və digər oyunçular gəlib baxır ki, ad düz yazılıb, yoxsa yox. Belə bir şey yoxdur. Mən də fikir verməmişdim. Mənə oyundan sonra dedilər. Artıq keçmişdi. Ciddi problem deyil.

Xəbər xətti