"100 min manata razı deyilik, ona görə də Mirabdulla Abbasovu heç yerə buraxmırıq" - "Neftçi" rəsmisi

23:35 - 19 İyun 2019

"Neftçi"nin futbolçusu Mirabdulla Abbasovun komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılmamasının səbəbi müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

 

Onun sözlərinə görə, 24 yaşlı hücumçu Azərbaycan milli komandasının düşərgəsindən qayıtdıqdan sonra icazə alıb. Allahverdiyev deyib ki, hazırda oyunçunun komandadakı durumu müzakirə olunur və yaxın günlərdə bu barədə məlumat veriləcək.

 

Klub rəsmisi Abbasovun "Neftçi"nin istəyi olmadan komandadan ayrıla bilməyəcəyini söyləyib: "Onun müqaviləsindəki bənddə qeyd olunub ki, futbolçu qarşılıqlı razılıq əsasında 100 min manat ödəməklə transfer pəncərəsində azad agent statusu ala bilər. Hansısa tərəflərdən biri razı deyilsə, 100 min manat ödəniş olsa belə, futbolçu heç bir yerə gedə bilməz. Biz də 100 min manata razı deyilik, ona görə də futbolçunu heç bir yerə buraxmırıq".

 

Allahverdiyev qarşı tərəfin məhkəməyə müraciət etmə ehtimalı barədə də danışıb: "Müqavilənin şərtlərinə görə hazırda üstünlük klubun tərəfindədir. Məhkəməyə vermək istəyirsə, bu, onun öz hüququdur". 

 

Qeyd edək ki, hazırda Mirabdulla Abbasovun "Səbail"ə keçidi gündəmdədir. 

Xəbər xətti