"İndi hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilmərsən" - "Neftçi"nin yeni transferi

14:14 - 23 İyun 2019

"Neftçi"nin yeni transferi Voislav Stankoviç klubun "Youtube" kanalına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, serbiyalı müdafiəçi "Neftçi”yə keçidindən danışıb:

 

"Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Mənə zəng vurub deyəndə ki, səninlə "Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı. Mənimlə yanaşı, buradakı hər bir futbolçu "Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır. Hər şey qaydasındadır".

 

32 yaşlı futbolçu hazırlıq barədə və Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Moldovanın "Sperantsa" klubu barədə də fikrini bildirib:

 

"Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilmərsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq. "Sperantsa” haqda məlumatımız var. Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. "Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”.

Xəbər xətti