Sitiven Monroz: “Söz verə bilmərəm ki, “Qarabağ”ın çempionluğuna mane olacağıq” - MÜSAHİBƏ

22:18 - 5 Oktyabr 2019

“Neftçi”nin futbolçusu Stiven-Jozef Monroz Premyer Liqanın 7-ci turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.
 
Sportal.az xəbər verir ki, fransalı futbolçu qələbəni şərh edib:
 
- Yaxşı oynadıq. Bu şəkildə davam etməliyik və turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq.
 
- Oyunun gedişində futbolçular arasında anlaşmazlıq olanda bir-birlərinin üstünə bağırırdı. Niyə belə edirdiniz, nə baş verirdi?
- Məncə, gərginlik yox idi. Topa nəzarət etdik, iki qol vurduq və qalib gəldik. Gərginlik və təzyiq hiss etməmişəm.
 
- İlk hissədə Roberto Bordin 8-9 dəfə Dario Frederikonun üstünə qışqırırdı ki, cinaha çəkilsin. Darionun oyunu niyə alınmadı?
- Başqa oyunçunun performansından danışa bilmərəm. Darionun oyunu barədə baş məşqçinin fikirlərini alın. Fikrimcə, Dario hamı kimi sona qədər vuruşdu.
 
- Qalib gəlsəniz də, azarkeşlər 90 dəqiqə istefa şüarları səsləndirirdi. Yəqin ki, legionerlər anlamaz bunu. Komanda daxilində bu sizə təsir edir?
- Onların dediklərini başa düşmürəm, bunu düzgün vurğuladınız. Bir qədər gərginlik var idi. Çünki nəticələrimiz elə də yaxşı deyildi. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Onun bütün qərarlarına hörmətlə yanaşırıq. Azarkeşlərə demək istəyirəm ki, onlar bizə lazımdır. Gəlsinlər, dəstəkləsinlər. Biz bir komandayıq. Azarkeşləri komandadan ayırmıram. Vahid komanda qalmalıyıq.
 
- İlk dövrədən sonra “Qarabağ”dan 8 xal geri qalırsız. Bunu aradan qaldıra biləcəksiniz?
- Təbii ki, 8 xal böyük fərqdir. Biz vuruşacağıq. Söz verə bilmərəm ki, “Qarabağ”ın çempion olmasına mane olacağıq. Əlimizdən gələni edəcəyik ki, onlara mane olaq və çempionluq uğrunda mübarizə aparaq.

Xəbər xətti