Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

11:49 - 29 Aprel 2021

Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.

 

Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.

 

Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onlar arasında ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

 

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

 

1/4 finalın ikinci günündə qeydə alınan nəticələr:

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 2:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1:2

 

1/4 finalın ilk günündə qeydə alınan nəticələr:

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5

 

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Xəbər xətti