İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək

21:21 - 10 İyun 2021

Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən görüşdə nazirliyin Analitik Ekspertiza Mərkəzinin, AQTA-nın və AMADA-nın nümayəndələri iştirak ediblər.

 

Görüşdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verib, məsələnin aktuallığına diqqət çəkib.

 

AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji fəallığa malik qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini bildirib, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

 

AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Görüşdə, həmçinin bioloji fəallığa malik qida əlavələrinin, qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

 

Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Xəbər xətti