Şəhriyar Məmmədyarov üçün həlledici tur

11:29 - 14 İyun 2021

İyunun 14-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının "Superbet Chess Classic Romania" turnirində 9-cu turunun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, Şəhriyar Məmmədyarov Rumıniyada keçirilən turnirin qalibi adına əsas namizədlərdəndir. Bunun üçün təmsilçimizə bu gün keçiriləcək sonuncu turda fransalı Maksim Vaşye-Laqrava məğlub olmamaq kifayətdir

 

Ermənistanlı Levon Aronyan və amerikalı Fabiano Karuana üzərində qazanılan ardıcıl qələbələr sayəsində aktivində 5,5 xal olan şahmatçımız hazırda ən yaxın izləyiciləri olan Aleksandr Qrişuk, Uesli So və Levon Aronyanı 1 xal qabaqlayır.

 

Turnirdə keçirdiyi 8 oyunun hamısını heç-heçə başa vuran Teymur Rəcəbov hazırda 4 xalla altıncı pillədə qərarlaşıb. O, sonuncu turda Levon Aronyan ilə qarşılaşacaq.

 

“Grand Chess Tour” seriyasının növbəti mərhələsi iyunun 17-dən 23-dək Parisdə keçiriləcək.

Xəbər xətti