"Bu gün sürprizlə qarşılaşmadıq, Azərbaycan millisi bizi təəccübləndirmədi. Rəqibə qarşı 2 ay əvvəl oynamışdıq. Bu komandanı yaxşı tanıyırıq. Heyətində keyfiyyətli futbolçular var".
Sportal.az xəbər verir ki, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, qələbə qazanmalarında qırmızı vərəqə öz sözünü dedi: "Komandanın çıxışından razı qalmadım. Xüsusilə qırmızı vərəqədən 1-ci qoladək yaxşı oynamadıq".
O, "Azərbaycan millisinin inkişafı üçün nə etmək lazımdır" sualına bu cür cavab verib: "Bunu sizə mən deyə bilmərəm. Çox sayda baş məşqçilər var. Hər kəsin öz fəlsəfəsi olmalıdır. Bizə gəldikdə, futbol fəlsəfəmizi dəyişməyə çalışdıq. Əvvəllər daha çox müdafiədən oynamağa və risk etməməyə çalışırdıqsa, son illərdə hücum futbolu sərgiləməyə başladıq. Düşünürəm ki, inkişafımızın əsas amillərindən biri budur".
Holts Moldova "Şerif"inin heyətində inamlı çıxışı ilə diqqət çəkən Sebastyan Tillin meydana əvəzetmədən daxil olmasının səbəbini də açıqlayıb: "Yarımmüdafiə xəttimizdə güclü futbolçular çoxdur. Bu mövqedə rəqabət böyükdür. Bəzi futbolçuların bərpası da vaxt alır. Ona görə də hərdən bu cür rotasiyalara əl atırıq".
saytlarin hazirlanmasi