Medianın İnkişafı Agentliyinin layihəsi
II YAZI
Hazırda ölkəmizdə uşaq və gənclərin ən çox axın etdiyi sahə futbol olduğu üçün bu idman növü ilə məşğul olanlarla bağlı mövcud durum daha çox maraq doğurur.
Xeyli müddətdir ki, futbol funksioneri kimi fəaliyyət göstərən Rəsul Şükürsoy bu mövzuya dərindən bələd olan mütəxəssislərdəndir. Çünki Rəsul bəy bu illər ərzində həm ölkəmizdə, həm də ölkə xaricində futbol sektorunda böyük təcrübə qazanıb.
Hazırda Türkiyədə yaşayan Rəsul bəy çox uğurlu “Pelikan” layihəsinə rəhbərlik edir. Bu agentlik beynəlxalq karyera planlayıcısıdır. Uşaqların və gənclərin inkişafı bir növ onların FİFA statusunda lisenziya mövzusudur.
İstənilən sahədə, istənilən idman növündə təməl, baza prinsipləri çox vacibdir. Bəlkə də, azərbaycanlı futbolçuların Avropanın aparıcı ölkələrində çıxışını əngəlləyən məqamlardan biri də əksəriyyətin düzgün təməl dərsləri almamasıdır. Doğrudur, son illər durum yaxşıya doğru dəyişir, savadlı mütəxəssislərimiz yetişir ki, məhz onların bacarığı sayəsində gələcəkdə təməli yaxşı olan oyunçular görəcəyik. Lakin Rəsül bəy düşünür ki, bu, yalnız məşqçilərin üzərinə düşən məsuliyyət deyil:
“Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı ilk növbədə ailələrdə başlayır. Belədə, həmin ailələrin hansı maariflənmə səviyyəsində olmasına baxmalıyıq. Təəssüf ki, əksər valideynlərin uşaqlarının inkişafı ilə bağlı lazımı bilik səviyyəsinə cavab vermədiyini müşahidə edirik”.
Bir dönəm “Bakı” və “Qəbələ” klublarının uşaq futboluna böyük yatırımlar etməsi zamanla öz bəhrəsini verməyə başladı. Təsadüfü deyil ki, bu gün Premyer Liqada oynayan futbolçuların böyük qismi məhz adlarını qeyd etdiyimiz klubların akademiyalarını keçiblər. Son bir neçə ildə “Sabah” klubu da bu istiqamətdə ciddi işlər görür, uşaq və gənclərin inkişafına yatırım etməkdən çəkinmir. Lakin bu prosesin daha da sürətlənməsi üçün yalnız klubların fəaliyyəti yetərli deyil. Şükürsoy bu məsələdə futbol federasiyasının rolunun da vacib olduğunu deyir:
“Futbolda uşaq və gənclərin inkişaf etməsi üçün son zamanlar AFFA tərəfindən “Grassroots” layihəsi həyata keçirilir. Bu layihənin əsas prinsiplərindən biri uşaqların məşğul olduğu növlərə uyğun meydançaların, məkanların olmasıdır. Bizim uşaq vaxtlarımızda belə yerlər çox idi. Demək olar ki, hər məhəllədə bir kiçik meydança var idi. Baxmaq lazımdır ki, indi bu yöndə durum necədir, uşaqlar mövcud məkanlardan istədikləri kimi istifadə edə bilirlərmi və s. Digər tərəfdən elmi cəhətdən isbat olunub ki, uşaqlar əylənərək, zövq alaraq məşğul olduğu zaman daha yaxşı qavrayır. Yəni, onların məşğuliyyətləri əyləncə halına gəlibmi? Ümumiyyətlə, uşaqların tək fiziki deyil, həm də mənəvi cəhətdən inkişaf etməsi çox vacibdir. Ona görə də, uşaqlara idmanın sirlərini öyrədənlərin kimlər olduğuna da diqqət yetirmək lazımdır. Çünki misalçün, AFFA-da məşqçilərə uşaqları hazırlaşdırmaq üçün müvafiq lisenziya kursları keçirilir, kateqoriya dərəcəsi verilir. Amma həmin kurslarda təlimçilər tərəfindən məşqçilərə uşaq mənəviyyatını, uşaq psixologiyasını bilməsi istiqamətində hansı seminarların keçirildiyini bilmək lazımdır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, bizdə bu, yaxından təqib etdiyimiz Avropa ölkələrindəki kimi deyil. Beynəlxalq təcrübədən onu deyim ki, Portuqaliya, Niderland, Belçika, İtaliyanın uşaq futbolu ilə müqayisə aparsaq, bizim uşaqlar məhz psixoloji hazırlıq baxımından xeyli geri qalırlar. Burada söhbət uşaqların hansı səviyyədə futbol oynamağından yox, gələcəkdə vətəndaş olaraq cəmiyyət üçün nə qədər yararlı olacaqlarından gedir. Ona görə də bu istiqamətdə ciddi işlərin görülməsi labüddür”.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi