"Azərbaycan klublarından təklifim var idi, amma özümü xaricdə sınamaq istəyirdim" - MÜSAHİBƏ

11:34 - 13 Mart 2023

Latviyada legioner həyatı yaşayan Nazim Həsənzadə Sportal.az saytına müsahibə verib. "Turan Tovuz"dan "Dauqavpils"ə icarəyə yollanan Nazim artıq ilk turda yeni komandasının heyətində debüt edib. Saytımıza müsahibə verən Həsənzadə Avropada ölkəmizi yüksək səviyyədə təmsil etmək istədiyini bildirib.

- Dünən Latviya çempionatının ilk turunda debüt etdin. "Tukums 2000" komandasına uduzdunuz. Fərqli nəticə qeydə alına bilərdi?

- Bəli, ilk rəsmi oyunuma çıxdım. Buna baxmayaraq, debütüm heç də pis alınmadı. Əlimdən gələni edirdim ki, hər şey yaxşı alınsın. 

- İlk turda artıq meydana start heyətində çıxmışdın. Demək olar ki, qısa müddətdə məşqçilər korpusunun etimadını qazanmısan? 

- Bura gələndən məşqçilər korpusunun yanaşması, davranışı çox yaxşı səviyyədədir. İlk turda çalışdım ki, məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirim. Bu baxımdan, start heyətində meydana çıxmağım sürpriz olmadı.

- Latviya futbolu haqda ilkin təəssüratın necədir? Hər şey düşündüklərin kimidir, yoxsa gözləntin daha yüksək idi?

- Burada daha çox fiziki hazırlığa üstünlük verirlər, gücə dayanıqlı futbol oynayırlar. Amma buna baxmayaraq, oyunlarda temp yüksək olur. Oyunuma qiymət vermək mən tərəfdən doğru olmazdı. Amma fikrimcə, debütüm pis alınmadı.

- Ümumiyyətlə, "Turan Tovuz"dən ayrılaraq Latviyaya yollanmağın necə reallaşdı? Təklif çoxdan var idi? 

- Təklif fevralın ortalarında gəlmişdi. Fikirləşdim, götür-qoy etdim və bura gəlməyə qərar verdim. Azərbaycan klublarından da təkliflərim var idi. Ancaq özümü xaricdə sınamaq istəyirdim. Çünki buradakı oyunları daha çox skaut izləyir, gənc oyunçulara maraq yüksəkdir. "Dauqavpils" ötən ilki heyətdən 4-5 futbolçunu Avropa klublarına satıb. Mən də, özümü Avropada sınamaq istəyirdim. 

- "Dauqavpils"də indiyə qədər azərbaycanlı futbolçular çox oynayıb. Bu mənada, bu klubda azərbaycanlıların oynamasına həm biz öyrəşmişik, həm də yəqin latviyalılar öyrəşib. Səni orada necə qarşıladılar, şəraitin necədir?

- Məni əla qarşıladılar. Fürsətdən istifadə edib, bizdən əvvəl burada çıxış etmiş azərbaycanlı oyunçulara öz təşəkkürümü bildirirəm. Onlar burada azərbaycanlılar barədə çox gözəl təəssürat yaradıblar, azərbaycanlılar barədə gözəl fikir formalaşdırıblar. İstər klub rəsmilərindən, istərsə də, azarkeşlərdən hörmət görürük. 

- "Turan Tovuz"a yayda qayıtmaq fikrin var, yoxsa Latviyadan sonra Avropanın daha güclü, fərqli ölkəsinə yollanmaq istəyirsən?

- Əsas fikrim ölkəmizi Avropada yüksək səviyyədə təmsil etməkdir. "Turan Tovuz" və "Sabah" klublarının üzərimdə əziyyəti var. Əlbəttə ki, bir gün "Turan Tovuz"un əsas heyətində oynamaq istəyərdim. Ora mənim üçün əzizdir. Zaman hər şeyi göstərəcək. 

- Latviyada oynayaraq, Azərbaycan millisinə cəlb olunmaq mümkündür, yoxsa səncə Latviya liqası Azərbaycan liqasından zəif hesab olunur deyə, çətin məsələdir?

- Hər şey ola bilər. Ancaq ilk növbədə burada özümü yaxşı tərəfdən göstərməliyəm ki, əsas milliyə dəvət alım.

Xəbər xətti