"Qəbələ"nin legioneri Ayyub Allaş Sportal.az saytına müsahibə verib. Mərakeşəsilli belçikalı Azərbaycandakı məqsədlərindən, "Qarabağ" haqda danışıb.
- “Qəbələ” “Turan Tovuz”la görüşdə qalib gələ bilmədi. Qarşılaşma sizin üçün necə alındı?
- Həqiqətən də, çox ağır oyun oldu. Ümumiyyətlə, bilirdik ki, Tovuzda heç bir komandaya asan olmur. Bizim üçün də çətin alındı. Ancaq biz qələbəyə onlardan daha çox layiq idik.
- Sizcə, qalib gəlməyinizə nə mane oldu? Rəqib sizdən güclü idi?
- Dediyim kimi, biz qələbəyə daha çox layiq idik. Çətin olsa da, yaxşı futbol oynadıq. “Turan Tovuz” bizdən yaxşı deyildi. Futboldur da, hər dəfə hər şey istədiyin kimi olmur.
- Artıq bir neçə turdur ki, meydançaya çıxırsan. Əsas heyətə düşmək şanslarını necə dəyərləndirirsən?
- Məncə, ilk oyunu yaxşı oynamışdıq. Debütüm olduğuna görə, mənim üçün unudulmaz matç olacaq. Həm də, yaxşı performans nümayiş etdirdiyimi düşünürəm. Nəyə qadir olduğumu göstərməyim üçün çox oyuna ehtiyacım var. Zamanla daha yaxşı olacaq. Sadəcə məşq edib, səbr etməli olduğumu bilirəm.
- Geridə qalan turda ən çox bəyəndiyiniz oyun hansı olub? Oyunların tempi, yüksək atmosfer baxımından...
- Mən çox oyunda oynamamışam. Buna görə də, sizə temp və bu kimi detallar sarıdan hansı oyunun daha yaxşı olduğunu deyə bilməyəcəm. Bir müddət sonra daha dəqiq bir söz demək olar. Lakin gördüyüm qədərilə çempionat çox yaxşı durumdadır.
- Sən gələndən “Qəbələ” ancaq “Qarabağ”a uduzub. “Qarabağ” - “Gent” oyununu tribunadan izləmişdin. Həmin “Qarabağ”la üz-üzə gəldiyiniz komanda arasında hansı fərqlər var idi?
- Bəli, "Qarabağ"ın "Gent"lə oyununa stadiondan canlı baxmışdım. Məncə, eyni heyət, eyni oyun idi. Ona görə də, hansısa fərqin olduğunu deyə bilmərəm. Biz elə stadiondan gördüyüm eyni komandaya qarşı oynamışdıq.
- Bakıya və Qəbələyə uyğunlaşmısan? "Qəbələ" komandası Qəbələ şəhərini təmsil etsə də, Bakıda məskunlaşıb...
- Artıq Azərbaycana uyğunlaşmışam. Məncə, Bakıda yaşamaq Qəbələdə yaşamaqdan daha yaxşıdır. Çünki Bakı daha müasirdir. Buranı çox bəyənirəm. Ona görə də, paytaxtda yaşamağa daha çox üstünlük verirəm.
Mirbağırağa