"Tərlan Əhmədov "Kəpəz"ə gələndə klubun hansı vəziyyətdə olduğunu bilirdi"

15:18 - 14 Mart 2023

Azərbaycan millisinin veteran forvardı Rauf Əliyev Sportal.az saytına müsahibə verib. Son olaraq "Kəpəz"də oynayan və aktiv futbolçu karyerasını zədələr səbəbindən son qoyan Əliyev ölkə çempionatının hazırkı durumu haqda danışıb.

- Hazırda nə işlə məşğul olursan? Məşqçi kurslarına başlayırsan, yoxsa istirahət edirsən? 

- Hazırda heç bir işlə məşğul deyiləm. Demək olar ki, ancaq istirahət edirəm. Hələ ki, sakitçilikdir. 

- Karyerasını başa vurduqdan sonra geri qayıdanlar az olmayıb. Aktiv futbolçu karyerası ilə vidalaşmaq qəti qərarındır?

Karyeramı bərpa etmək fikrim yoxdur. Görək də, qismət olsa, futbol sahəsində çalışacam. Öncədən heç nə demək istəmirəm. Xeyirlisi olsun. Gələcək hər şeyi göstərəcək.

- Azərbaycan Premyer Liqasında səncə yuxarı, yoxsa aşağı pillələrdə mübarizə daha maraqlı gedir?

- Bugünkü gündə aşağı pillələrdəki komandalar arasındakı mübarizə daha maraqlı alınır. AFFA-nın baş katibinin Sərxan Hacıyevin mövsüm sonunda bir komandanın 100 faiz liqanı tərk edəcəyini deməsi çempionat daha da gərginləşib, maraqlı olub. Çünki heç bir komanda birinci diviziona düşmək istəmir. Ona görə də, sona doğru çox yaxşı oyunların şahidi olacağıq. Yuxarı pillələrə gəldikdə, məncə, üçüncü yerə qədər olan komandaların kimliyi məlumdur. Yalnız dördüncü yer urğrundakı mübarizə maraqlıdır.

- Necə düşünürsən, bu mövsüm hansı komandanın liqadan düşməsi daha real görünür? Sabiq komandan "Kəpəz"in qışdan sonrakı çıxışını necə dəyərləndirirsən?

- Bu dəqiqə hansı komandanın liqanı tərk edəcəyini demək çətinidr. Çünki komandalar arasındakı xal fərqi çox azdır. Hamısı bir-birinə yaxındır. Hər bir komanda üçün alınan bir xal çox önəmlidir. Bu mənada, indidən proqnoz vermək çətindir. "Kəpəz"ə gəldikdə, evdəki oyunlarını daha yaxşı, inamlı oynayırlar. Mövsümün sonuna yaxınlaşırıq və komanda daha da yaxşı vəziyyətə gəlib.

- Tərlan Əhmədov komandadakı şəraitsizlikdən şikayətlənir. Səncə, bu qədər sıxıntısı olan komanda yüksək liqada necə qala bilər?

Tərlan Əhmədov "Kəpəz"ə gələndə klubun hansı vəziyyətdə olduğunu bilirdi. İndi isə bu problemləri qabartmaq yaxşı deyil....Hara gəldiyini özü çox yaxşı bilirdi. Təkcə Əhmədov deyil, hamının "Kəpəz"in hansı vəziyyətdə olmasından xəbərdar idi. Tərlan Əhmədov gəlməmişdən qabaq hətta komanda ev matçlarını orda-burda oynayırdı. İndi isə ev oyunlarını Gəncədə keçirirlər. Bu da üstünlükdür. Bazanın olmaması, paltardəyişmə otaqlarının hansı durumda qalması, digər problemlər, bunlar əvvəlcədən məlum məsələlər idi..Bəlkə də, "Kəpəz" Premyer Liqada qalacağı təqdirdə, gələn il üçün yaxşı sponsor tapacaq. Necə ki, "Turan Tovuz" tapdı. O cür azarkeşləri olan, böyük şəhərin komandasının yaxşı sponsora layiqdir. İmkanlı gəncəlilər var. Ümidvaram ki, komandaya sponsor tapılacaq. Buna çox sevinərəm. Ümumiyyətlə, "Kəpəz"in yaxşı stadiona, bazaya sahib olaraq, yaxşı günlər yaşayaraq çempionatdakı iştirakına davam etməsini çox istəyərdim. 

- Sabiq komandan olan "Qarabağ"ın bu mövsüm çempionluğuna yəqin ki, şübhən qalmayıb? Səncə, "Sabah" və ya "Neftçi" ona problem yarada biləcək?

- "Qarabağ"ın çempion olacağını əminliklə demək mümkündür. Bugünkü gündə onlara böyük problemi "Sabah" yarada bilərdi. Bəlkə də, "Sabah" gələcək üçün çempionluq uğrunda mübarizə aparacaq. Təbii ki, belə davam etsələr. Ancaq bugünkü gündə "Qarabağ" "Sabah"dan 1-2 addım öndədir. Nə "Neftçi", nə "Sabah" "Qarabağ"la mübarizə aparacaq gücdə deyil. 

- Digər sabiq komandan "Neftçi" qış fasiləsindən sonra "Sabah"a uduzdu. Amma sonradan uğurlu seriyaya start verdilər. Onlar haqda hansı fikirdəsən? Yeni transferlərini bəyənirsən?

- "Neftçi"nin yeni transferləri həqiqətən yaxşıdır. Höccət Haqverdini əvvəlcədən tanıyırdım. Nəyə qadir olduğu bizə bəlli idi. Kilan Lebon və Mateus Saldanyaya gəldikdə,  yaxşı transferlərdir. Bu il öz sözlərini deyiblər. Komandada qalsalar, daha yaxşı çıxış edəcəklər. Çempionatımızı daha yaxından öyrənəcəklər. Uğurlu transferlər olduğunu düşünürəm. 

Mirbağırağa

Xəbər xətti