"Sabah"ın kapitanı: "Tez bir zamanda toparlanmağı bacardıq" - MÜSAHİBƏ

12:08 - 17 Mart 2023

"Sabah"ın kapitanı Elvin Camalov Sportal.az saytına müsahibə verib.

- Premyer Liqanın 27-ci turunda "Zirə"ni səfərdə məğlubiyyətə uğrada bildiniz. Matç sizin üçün necə alındı?

- Oyun gözlənildiyi qədər çətin alındı. Bizim "Zirə" ilə bütün oyunlarımız çətin keçir. Bu dəfə də istisna olmadı. Çətinliyə baxmayaraq, yaxşı mübarizə apardıq. Fasilədən sonra bizə lazım olan qolları vuraraq oyundan üç xalla ayrılmağı bacardıq.

- Bir period oldu ki, “Sabah” uğursuz çıxış edirdi. Ancaq son turlarda yenidən qələbələr əldə edirsiz. Demək olar ki, işlər qaydasına düşüb?

- Bütün mövsümü eyni tempdə keçirmək olmur. Mövsüm uzundur. Əlbəttə ki, mövsüm ərzində xal itkilərinin olması da normal haldır. Amma komanda olaraq tez bir zamanda toparlanmağı bacardıq. Son üç oyunda qol buraxmadan qalib gəlmişik. Bu, kifayət qədər yaxşı nəticədir.

- Növbəti turdakı rəqibiniz "Qəbələ"dir. Qələbə seriyasına davam edə biləcəksiz?

- "Qəbələ" özünəməxsus oyun tərzi, öz üslubu olan komandadır. Bu rəqiblə oyunlarımız çətin keçir. Ancaq çətin olduğu qədər də, həm də maraqlı alınır. Meydana həmişəki kimi qələbə üçün çıxacağıq. Ümid edirəm ki, buna nail olacağıq. İnanıram ki, azarkeşlər əvvəlki oyunlardakı qədər maraqlı görüşün şahidi olacaqlar. 

- “Qəbələ” çempionatda ən yaxşı oyun nümayiş etdirən komandalardan hesab olunur. Bu komandanı əsas rəqiblərinizdən biri hesab edirsən?

- Bəli, “Qəbələ” çempionatda ən baxımlı oyun sərgiləyən komandalardan biridir. O ki qaldı əsas rəqibə, əlbəttə ki, biz bütün komandaları əsas rəqibimiz kimi görürük. Çempionatı yaxşı pillədə bitirmək istəyirsənsə, bütün komandalara qarşı bu cür yanaşmalısan.

- "Neftçi"nin sizə turnir cədvəlində yaxınlaşmaq ehtimalını necə dəyərləndirisən? 

- Biz turnir cədvəlinə yox, hər növbəti matçımıza köklənirik. Meydana çıxdığımız hər görüşdən qələbə ilə ayrılmaq istəyirik. Turnir cədvəlində neçənci olacağımızı mövsümün sonunda görəcəyik.

- "Qarabağ"la çempionluq mübarizəsi aparmağın çətin olduğunu düşünürsən, yoxsa özünüzü hələ də həmin mübarizənin içində görürsən?

- Bayaq dediyim kimi, bizim üçün vacib olan hər növbəti matçımızdır. Turnir cədvəlində kimdən öndə, kimdən geridə olmağımız, özümüzün və başqalarının neçə xalı olması barədə yox, hər növbəti matçımız haqda düşünürük.

Mirbağırağa

Xəbər xətti