"Araz Naxçıvan"ın futbolçusu Fəhmin Muradbəyli Sportal.az saytına müsahibə verib. Qış fasiləsi zamanı I Divizion təmsilçisinə keçən 27 yaşlı yarımmüdafiəçi komandanın hədəfləri, öz karyerası haqda danışıb:
- "Araz Naxçıvan"a keçidin necə baş tutdu?
- Son olaraq icarə əsasında "Şamaxı"da oynamışdım. Yayda "Neftçi"yə qayıtdım. Komandada baş məşqçi dəyişikliyi oldu. Rəhbərliklə görüşdükdən sonra yollarımızı ayırmaq qərarı verdik. "Neftçi"dən ayrıldıqdan sonra ölkə xaricinə getmək planım var idi. 3-4 variantım oldu. Şərtlər və maliyyə məsələlərinə görə xaricə getməyim alınmadı. Buna görə 6 aya yaxın futbolsuz qaldım. Daha bir 6 ay da futbolsuz qalmaq istəmirdim. Ona görə də "Araz Naxçıvan"ın təklifini qəbul etdim. Dəvət etdiyi üçün baş məşqçi Azər Bağırova təşəkkür edirəm. Bura gəldiyimə görə şadam. Komandama kömək etməyə çalışıram. 1-ci pillədəyik. Qarşımıza çempionluq hədəfi qoymuşuq. Ümid edirəm ki, çempion olub Premyer Liqaya yüksələcəyik.
- Komandaya və Naxçıvana uyğunlaşma prosesi necə keçdi?
- Cox rahat. Bu qədər rahat olacağını fikirləşməmişdim. Şərait yaxşıdır, kollektiv mehribandır. Hamı bir-birinə dəstək olur. Bu mehribanlıq oyunumuza da təsir edir. Burada futbol oynamaq üçün hər cür şərait var.
- Uzun müddət Premyer Liqada oynamısan. Əsas liqa ilə I Divizion arasında səviyyə fərqi necədir?
- Səviyyə fərqi təbii ki, var. Bu, mübahisəsizdir. Amma burada da Premyer Liqada oynaya biləcək futbolçular çoxdur. Bizim komandada da, digər komandalarda da. Adlar çəkmək olar. Amma hamı bilir kimləri nəzərdə tutduğumu. "Araz Naxçıvan" Premyer Liqaya yüksəlsə, heç də zəif çıxış etməyəcək. Hədəfimiz Premyer Liqadır.
- Çempionluq şansını necə dəyərləndirirsən?
- 10 xal fərqlə liderik. Bu fərqi qoruya biləcəyimizi düşünürəm. Qələbə qazandıqca motivasiyamız daha da yüksəlir. Hər matçda qalib gəlmək istəyirik. Növbəti oyunumuz səfərdə "Turan Tovuz"a qarşıdır. Orada da qələbə qazanaraq xal ehtiyatımızı artırıb çempionluğa bir addım da yaxınlaşmaq istəyirik. Bunun üçün əlimizdən gələni edirik.
Elçin Əlixan, Naxçıvan
saytlarin hazirlanmasi