“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Premyer Liqanın 28-ci turunun "Səbail"lə matçından (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az klub rəhbərinin müsahibəsini diqqətinizə çatdırır:
- Hər oyuna final kimi çıxırıq. "Səbail"lə matç bizim üçün çox vacib idi. Milli fasilə zamanı komanda olaraq bu qarşılaşmaya köklənmişdik. Futbolçuları, azarkeşlərimizi təbrik edirəm. Çətin mübarizə şəraitində keçən oyunda qələbə qazandıq.
- Artıq Premyer Liqada qalmağı böyük ölçüdə təmin etdiyinizi düşünmək olar?
- Çempionat hələ davam edir. Qarşıda 8 oyun var. Rəqiblər üçün də, bizim üçün də hər matç finaldır. Aşağı pillələrdə tez-tez yerdəyişmə olur. Bu qələbə bizi riskli zonadan bir az uzaqlaşdırdı. Amma mübarizə davam edəcək. Sona kimi mübarizə aparmaq lazımdır. Futbolda bəzən gözlədiyinin tam əksi baş verir. Ona görə də arxayınlaşmaq olmaz.
- Stadionun ot örtüyünün vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Qış fasiləsindən sonra ot örtüyündə problem yaranmağa başlamışdı. Meydança bu gün artıq tam yararsız hala düşüb. Ot örtüyünə baxan mütəxəssislərlə daim əlaqədəyəm. Onların verdiyi məlumata görə növbəti oyunda qazonun vəziyyəti yaxşı halda olacaq.
- Qazonun istifadə müddəti bitib?
- Xeyr. Müddət bitməyib. Gəncədə axşam vaxtı havanın həddən çox soyuq olması ot örtüyünə birbaşa təsir edir. Havaların şaxtalı keçməsi bu problemə gətirib çıxarıb.
- Gəncədə yeni stadionun inşası gözlənilir?
- Bizdə bu barədə heç bir məlumat yoxdur. Yaxın günlərdə iki təbii örtüklü meydança komandaların istifadəsinə verildi. UEFA-nın və AFFA-nın dəstəyi ilə akademiya da tikilir. Artıq işlər yekunlaşmaq üzrədir. Növbəti mərhələdə istəyirik ki, stadionumuz da müasirləşsin. Özünüz də görürsüz ki, oyunlar zamanı anşlaq olur, azarkeşlər stadiona gəlir.
- Yeni mövsümdə Gəncə Şəhər Stadionunda oyunların keçirilməyinə icazə verilməyəcəyi deyilir. Bu haqda sizə məlumat verilib?
- Xeyr. Lisenziya üçün lazım olan bütün sənədləri veririk. Stadionun ot örtüyü də mövsümün əvvəlindəki kimi yaxşı vəziyyətdə olacaq. Neçə mövsümdür ki, bu qazondan istifadə edirik. Heç vaxt meydança bu vəziyyətdə olmayıb. İnanırıq ki, bu hal bir daha baş verməz. Komanda üçün də belə ot örtüyündə oynamaq çox çətindir.
- Növbəti mövsümdə də bu stadionda oynayacaqsız?
- Hazırda alternativ stadionumuz yoxdur. Mövsümün əvvəlində ev oyunlarımızı Qəbələdə keçirirdik. Həmin oyunlarda qələbə qazanmaqda çətinlik çəkirdik. Evdə oynayanda komandada 180 dərəcə dönüş yaranır. Rəqiblərin hər biri üçün Gəncədə oynamaq çox çətindir. Burada "Qarabağ" və "Sabah" kimi komandalara qarşı yaxşı oyun göstərmişik, onlardan xal almışıq.
- PFL Gəncə Şəhər Stadionunda oyunlarınızı keçirməyə icazə verməsə, alternativ variantınız var?
- Bu haqda hələ fikirləşməmişik. Ot örtüyü ilə bağlı prosedurlar həyata keçirilir. Bir neçə gündən sonra bunun effektini görəcəyik. Son günlər havaların soyuq keçməsi inkişaf proseduruna təsir göstərdi. Ayın 15-i "Turan Tovuz"la keçirəcəyimiz oyuna kimi meydanda 80 faiz yaxşı hala gələcək.
Elçin Əlixan
saytlarin hazirlanmasi