"İki ildir "Neftçi" çempionluq yarışında "Qarabağ"a rəqib deyil" - MÜSAHİBƏ

15:32 - 3 May 2023

Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın Premyer Liqanın 32-ci turunda “Neftçi”yə 4:2 hesabı ilə qalib gəlməsini necə şərh edərdiz?

- "Qarabağ"ın bu matçda qalib gəlməsi mənim üçün gözlənilməz olmadı. Çünki onların “Sabah”la aralarındakı xal fərqi dördə enmişdi. Qalib gələrək xal fərqini artırmalı idilər. İndiki “Neftçi” ilə “Qarabağ” həm heyət, həm məşqçi işi baxımından fərqlənir. “Qarabağ” “Neftçi”dən daha üstündür. Bu mənada, “Qarabağ”ın belə hesabla qalib gəlməsi mənim üçün gözlənilməz olmadı.

- Maraqlıdır ki, “Neftçi” Voyislav Stankoviçin meydandan qovulmasından sonra daha yaxşı oynama başladı…

- “Neftçi”nin meydanda azlıqda qalması, “Qarabağ”ın qalib gəlməsini yüngülləşdirmədi. Çünki onsuzda, “Qarabağ” 2:0 qalib gəlirdi. Ağdam klubu ilk dəqiqələrdən üstünlüyü ələ keçirmişdi. “Neftçi” azlıqda qalmasaydı, bəlkə də, fərq daha böyük olardı. Çünki Voyislav Stankoviçin meydandan qovulmasından sonra “Neftçi” müdafiədə kompakt oynamağa çalışdı. Əks-hücumda qol vurdular, penalti qazandılar. Daha çox öz cərimə meydançaları tərəfdə idilər ki, bu da “Qarabağ”ın qol vurmasına çətinlik yaradırdı. “Neftçi” azlıqda qalmasaydı da, “Qarabağ”ın qələbə qazanacağı məndə şübhə doğurmurdu. Çünki ilk dəqiqələrdən onsuzda üstünlüyü ələ keçirmişdilər. Oyun planında da, hesabda da.

- “Qarabağ” “Neftçi”yə bu mövsüm qələbə qazanmaq imkanı verməyib…

Bəli, bu mövsüm dörd dəfə qarşılaşıblar və yalnız heç-heçə keçirilən görüşdə “Neftçi” “Qarabağ”a hardasa müqavimət göstərmişdi. “Azərsun Arena”da güclü dumanda keçirilən oyunu nəzərdə tuturam. Qalan matçlarda “Qarabağ” rahat qələbə qazanıb. Bir də 1:3 uduzduqları görüşdə “Qarabağ”a qarşı bir hissə yaxşı oynamışdılar.

- “Neftçi” ilə görüşdə diqqətçəkən məqam qışda transfer edilmiş, amma heç cür özünü göstərə bilməyən Yassin Benzianın performansı idi. Onun haqda hansı fikirdəsiz?

Yassin komandaya gələndə altı ay idi ki, rəsmi oyunlarda iştirak etməmişdi. “Qarabağ”da yeni-yeni oynamağa başlayanda zədələndi, bir Aydan çox idi ki, onu meydanlarda görmürdük. Bu problemlər onun yaxşı çıxış etməsinə imkan vermirdi. Ancaq onun ustalıq səviyyəsinə bələdəm. “Qarabağ”a qarşıdakı aylarda, illərdə çox böyük köməyi dəyəcək. Təbii ki, zədələnməsə, fiziki durumu daha yaxşı vəziyyətdə olsa. Belədə, onun yaxşı çıxış etməsində problem olmayacaq. Üstünlükləri çoxdur. 

- Sizcə, nəyə görə, “Neftçi” ardıcıl iki mövsümdür ki, “Qarabağ”ı məğlub edə bilmir?

- Bunu “Neftçi” adına təəssüflə qeyd etmək istəyərdim. Gələcək illərdə “Neftçi”ni daha güclü görmək istəyərdim ki, “Qarabağ”a da çempionluq uğrunda layiqli rəqib olsunlar. Hələ ki, bunu görə bilmirik. Bəli, iki ildir “Neftçi” çempionluq yarışında “Qarabağ”a rəqib deyil. Əlçatmaz kimi görünürlər. Ümid edirəm ki, tezliklə bu vəziyyət dəyişəcək. Yüksək səviyyəli komandalarımızın sayı çoxalsa, çempionatımız da rəngarəng olar, hər bir komanda xeyir görər. Onda klublarımız avrokuboklarda da inamlı çıxış edər. Rəqabət olan yerdə inkişaf var.

- Yəqin ki, "Qarabağ" artıq çempionluq şansını əldən verməz...

Bəli, “Qarabağ”ın dünənki qələbəsi çempionluğa atılmış növbəti addım idi. Çempionat başlayanda heç bir komandanın “Qarabağ”a çempionluq yolunda rəqib olacağını düşünmürdüm. “Sabah” hardasa mübarizəyə qoşulmuşdu. Onlara da təşəkkürlər düşür. Ancaq ilk turlardan da  “Qarabağ”ın çempion olacağına şübhə etmirdim. Dünənki qələbə də onları çempionluğa bir addım da yaxınlaşırdı. “Qarabağ”ın çempion olması aydınlaşır. Sadəcə onu rəsmi qeyd etmək qalır. 

Xəbər xətti