Vüqar Əsgərli: "Son illərdə Premyer Liqanın bu qədər maraqlı keçdiyini xatırlamıram"

22:44 - 14 May 2023

"Neftçi" son iki oyunda qələbə qazana bilmirdi. Azarkeşlərinin inamını qaytarmaq üçün bu matça nə qədər ciddi yanaşdıqlarını bilirdik. Biz də "Neftçi"yə bu mövsüm üç oyunda uduzmuşduq. Bu gün qələbə qazanaraq, məğlubiyyətləri unutdurmaq niyyətindəydik. Qələbə qazana bilmədik. Amma futbolçularımız qələbəyə bərabər əzmkar, baxımlı oyun nümayiş etdirdilər. Onlara təşəkkür edirik. İki oyun qalıb. Nə gücümüz varsa, ortaya qoyacağıq və Premyer Liqada qalaq".

Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 34-cü turunun "Neftçi" ilə (1:1) matçından sonra keçirilən mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Qarşıdakı turda "Qəbələ" ilə qarşılaşacaqsız. Onlar da avrokuboklara vəsiqə qazanmaq istəyir. Bu oyunda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz?

İnanın ki, tək "Qəbələ"yə qarşı deyil, bütün oyunlar çətin keçir. Son illərdə Premyer Liqanın bu qədər maraqlı keçdiyini xatırlamıram. Hər klub xalın dəyərini bilir. Hazırlaşacağıq. "Qəbələ"nin çox yaxşı oyunçuları var və yaxşı futbol oynayırlar. Çətin olacağını bilirik. Amma Premyer Liqada qalmağa çalışacağıq.

- Bu mövsüm ilk dəfə "Neftçi"yə qol vurdunuz və xal qazandınız. Buna qədər niyə alınmırdı?

"Neftçi"yə qarşı bütün oyunlarımız çətin keçir. Şamaxıdakı hər iki matçda da üstün tərəf biz olmuşduq. Amma təəssüflər olsun ki, qol vura bilmirdik. Bu gün üstün tərəf biz olduq, futbolçularımız özlərinə inandılar. Qol imkanlarımız var idi. İnanırdıq ki, qol vura biləcəyik.

- Sonuncu pilləni tutsanız, AFFA və PFL-ə müraciət edəcəksiz?

Futbolun içində olan hər kəs istəyər ki, komandaların sayı artsın, liqamız maraqlı keçsin. Son zamanlar bu qədər maraqlı keçən liqa görməmişdik. Amma gərək qaydaları da unutmayaq, hörmətlə yanaşmalıyıq. Qaydalarda 10 komandanın olmasıdırsa, buna riayət etməliyik. Təbii ki, komanda sayının 12-ə yüksəlməsini istəyərdik ki, gənclərimiz daim oynasın. Komanda sayı artsa, bu cür futbolçularımızın sayı artacaq. Adlar çəkmək istəmirəm, amma heyətimizdə oynayan, unudulan oyunçular var idi. Gəldilər, şans qazandılar, özlərini göstərdilər. Hətta iddialı klublarımız onlara təklif göndərir. İstəyərəm ki, klub sayı çox olsun.

Mirbağırağa

Xəbər xətti