Azərbaycanda oynamış ispan, klublarımızla işbirliyinə başlayacaq: "Maraqlı futbolçularım var" - MÜSAHİBƏ

16:14 - 25 May 2023

Azərbaycanda "İnter"(indiki “Şamaxı”) formasını geyinmiş Mikel Alvaro Salazar ötən həftə paytaxtımıza səfər edib. Bir müddət əvvəl aktiv futbolçu karyerasını başa vuran Alvaro futbol agenti kimi çalışmağa başlayıb. “Lleyda”, “Numansiya”, “Dinamo”(Tbilisi), “Okland Siti”, “Amorebieta” klublarında oynamış ispan Sportal.az saytına müsahibəsində ölkəmizə gəlişinin əsas səbəbini açıqlayıb.

- Bakıya hansı məqsədlə gəlmişdin və neçə gün qaldın?

- Bakıda 4 gün qaldım. Futbolçu karyeramı başa vurmuşam. Artıq futbol agenti kimi çalışmağa da başlamışam. Bakıya gəlməyimin əsas səbəbi də münasibətlər qurmaq, olanları da irəlilətməkdir. Ümidvaram ki, bunu edə bildim.

- Bakıda kimlərlə tanış oldun?

- Çox insanla görüşdüm. Onlar arasında keçmiş dostlarım, tanışlarım da var idi. Belədə, klubların idman direktorları ilə görüşlərimiz oldu. Səmərəli görüşlərin olduğunu düşünürəm. 

- Bakıda olduğun müddətdə Azərbaycan Premyer Liqasının oyunlarını izlədin?

- Əlbəttə. Sumqayıta yollanmışdım. Orada "Sumqayıt" - "Sabah" matçına baxdım. Yaxşı oyun alındı. Maraqlı keçdi. Azərbaycan çempionatının səviyyəsi yaxşıdır.

- Artıq futbol agenti kimi fəaliyyətə başladığını dedin. Maraqlıdır, artıq Azərbaycan klublarına futbolçular təklif etmisən?

- Doğrudur, fəaliyyətimə artıq başlamışam. Digər ölkə klubları ilə də görüşürəm. Azərbaycan klublarına futbolçu təklifinə gəldikdə, bəli, çox maraqlı ispan və xarici oyunçularım var. Onları Azərbaycan klublarına təklif edəcəm. Hadisələrin necə cərəyan edəcəyini artıq zaman göstərəcək.

- Son vaxtlar Azərbaycan futbolunu heç izləyirdin? Tez-tez məşqçilər deyir ki, səviyyəli oyunçular Azərbaycana gəlməkdə tərəddüd edirlər. Bu da, çempionatın səviyyəsindən irəli gəlir. Sənin məsələ haqda fikrin necədir?

- Buradan ayrılandan sonra da, axır vaxtlarda da Azərbaycan Premyer Liqasının bəzi matçlarını izləyirdim. Məncə, çempionatın səviyyəsi yaxşıdır. Çünki çempionat “Qarabağ”, “Sabah”, “Neftçi” kimi güclü klublara malikdir. Onlardan savayı da, güclü komandalar var. Bu mənada, Azərbaycan Premyer Liqasının yaxşı səviyyədə olduğu fikrindəyəm.

- Artıq yayda Azərbaycan klubları ilə əməkdaşlığa start veriləcək?

- Azərbaycan klubları ilə əməkdaşlıq etməyi, Premyer Liqanıza yaxşı oyunçular gətirməyi çox istəyirəm. İnanıram ki, bunlar hamısı alınacaq. 

Mirbağırağa

Xəbər xətti