"Finalın Bakıda keçirilməsi problem deyil, səfərdə "Neftçi"ni məğlub edə bilmişik" - MÜSAHİBƏ

14:19 - 26 May 2023

"Qəbələ"nin belçikalı legioneri Ayyub Allaş Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" Premyer Liqanın 35-ci turunda "Şamaxı" ilə 0:0 oynadı. Səncə, bu görüşdə nəyə görə qalib gəlməyi bacarmadınız?

- Bəli, “Şamaxı” ilə 0:0 bərabərə qaldıq. Rəqib sonuncu pillədə olsa da, oyunun çox ağır keçdiyini deyə bilərəm. Çətin şəraitdə oynadıq. Əsas odur ki, məğlub olmadıq. Çətin səfərdən bir xalla qayıtdıq.

- "Qəbələ" qalib gəlsəydi, avrokuboklara vəsiqəni təmin edəcəkdi. Bunu reallaşdıra bilməməyiniz, sizin üçün üzücü oldu?

- Qalib gəlsəydik, daha yaxşı olardı. Amma bərabərlik qeydə alındı. Hər halda, həmin görüş geridə qaldı. Biz indi “Kəpəz”lə matça konsentrasiya olmuşuq. Mövsümün son görüşünə çıxacağıq. Cəmi bir xala ehtiyacımız var. İnanıram ki, bunu qazanacağıq.

- Premyer Liqanın bu mövsüm üçün son turunda "Kəpəz"lə üz-üzə gələcəksiniz. Səncə, evdə onları məğlub etmək alınacaq?

- Əlbəttə, biz “Kəpəz”i məğlubiyyətə uğrada bilərik. Amma rəqibimizə ciddi yanaşırıq. Onları qiymətləndirməmək olmaz. Çünki çətin görüş olacaq.

- Evdə məğlub olacağınız və "Zirə" "Sumqayıt"a qalib gələcəyi təqdirdə, dördüncü yeri onlar tutacaq. Bu baş verə bilər, yoxsa "Qəbələ" dördüncü pilləni əldən verməyəcək?

- Bəli, bunlardan xəbərdaram. Lakin biz bütün diqqətimizi öz oyunumuza, nəticələrimizə yönəltmişik. “Kəpəz”lə görüşdə bir xala qazansaq, dördüncü yerdəki yerimizi qoruyub-saxlayacağıq. 

- "Kəpəz"lə görüşdən sonra mövsüm "Qəbələ" üçün başa çatmayacaq. Çünki ölkə kubokunun finalında "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüşdə "Neftçi"ni favorit hesab edənlər az deyil. Sən necə düşünürsən?

- Finalda şanslar 50/50-dir. “Neftçi” “Bakcell Arena”da oynayacaq. Amma bu matçın Bakıda keçirilməsi bizim üçün problem deyil. Biz onları səfərdə məğlub edə bilmişik. Əla final olacaq. 

- "Neftçi" sonuncu dəfə 2013/2014 mövsümündə "Qəbələ"ni penaltilər seriyasında məğlub edərək ölkə kubokunu qazanıb. Bundan xəbərin var?

- Xeyr, bu barədə məlumatım yox idi. Penalti seriyasını da görməmişəm. Siz dediniz xəbərim oldu. Ümidvaram ki, bu mövsümkü finalda qalib gələcəyik.

Mirbağırağa

Xəbər xətti