Eston forvard Azərbaycanla oyun haqda: "Təəssüf ki, 90 dəqiqə tab gətirə bilmədik"

11:12 - 19 İyun 2023

Estoniya millisinin hücumçusu Rauno Sappinen AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıda keçirilən heç-heçəni (1:1) şərh edib.

Sportal.az xəbər verir ki, "Soccernet" portalına danışan forvard paytaxtımızda yaxşı futbol oynadıqlarını bildirib:

"Ardıcıl künc zərbələrimiz oldu, onlardan birindən fərqlənməyi bacardıq. Biz uzaq küncə ötürmə etməyi planlaşdırdıq və Miller orada rahat idi. Bilmirəm, ötürmə verirdi, yoxsa zərbə vururdu, sadəcə mən düzgün yerdəydim və qolumu vurdum. Düşünürəm ki, birinci hissə bizim üçün yaxşı keçdi. Topa nəzarət edirdik, yaxşı qol şansları yaratdıq. Bu müddətin nə qədər davam etdiyini dəqiq bilmirəm, amma sonda təzyiq altında qaldıq. Çox təəssüf ki, 90 dəqiqə tab gətirə bilmədik. Azərbaycan millisinin əvəzetmələrinin bizi ritmdən saldığını düşünmürəm. Sadəcə, oyuna çox yaxşı daxil ola bilmədik. Qarşılaşmaya nəzarəti itirdik, tempi aşağı salmaq mümkün olmadı. Rəqibin sürətinə müqavimət göstərə bilmədik. Onların təzyiqi durmadan artırdı, bundan yaxşı yararlandılar.

Məşqçilərimiz kənardan gördülər ki, taktiki cəhətdən nəyisə dəyişmək lazımdır. Bir hücumçu ilə oynamaq ikili hücumçudan daha çətindir, amma işimi davam etdirdim. Düşünürəm ki, baş məşqçi də, başqaları da iki hücumçu ilə oynamağı xoşlayır. Amma biz fərqli seçim etmək məcburiyyətində qalmışdıq".

Xəbər xətti