"Rəhbərliyin layihəsi maraqlı idi, sadəcə transferlərdə və hazırlıq prosesində bir az gecikmişdik" - MÜSAHİBƏ

17:13 - 22 İyun 2023

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Sportal.az saytına müsahibə verib. 

- "Şamaxı"nın diviziona düşməsi rəsmiləşdi. İcraiyyə Komitəsinin iclası başa çatana qədər inanırdız ki, Premyer Liqada qalacağınıza dair qərar veriləcək? 

- Keçən ilin əsasnaməsinə əsasən Premyer Liqada sonuncu yeri tutduğumuz üçün birinci divizionda iştirak etməliyik. Amma çempionat bitdikdən sonra qeyri-rəsmi məlumatlarda Premyer Liqada iştirakçı sayının 12-yə yüksələcəyi və bunu İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacağı deyilirdi. Biz hər iki qərara hazır idik və qərardan sonra plan üzrə işimizi davam edirik.

- Nəyə görə Premyer Liqada qala bilmədiniz. Yerlilərlə bacarmadınız, legioner olsaydı, fərqli mənzərə görərdik? 

- Keçən il "Şamaxı" demək olar ki, tamamilə dəyişdi. Bu dəyişikliklər komandamızın bir az gec yığışmasına təsir etdi. Yerlilər məsələsinə gəlincə, rəhbərliyin layihəsi maraqlı idi. Nəzərə alın ki, son tura qədər legioneri çox olan komandalarla xal fərqimiz elə də yüksək deyildi. Düşünürəm ki, transferlərdə və hazırlıq prosesində bir az gecikmişidik.

- Əksər futbolçular yəqin ki, komandada qalmayacaq. Rəhmam Daşdəmirov "Sabah"a, Bahadur Həziyev "Səbail"ə keçdi, Fuad Bayramovun adı "Zirə" ilə hallanır...

- Futbolu gözəlləşdirən hadisələrdən biri də transferlərdi. Həm futbol ictimaiyyətinin, həm də azarkeşlərin səbirsizliklə gözlədiyi məqamdır. Adını çəkdiyiniz və bir neçə başqa futbolçu var ki, onları heç kim tanımırdı. Biz onlara özlərini göstərmək imkanı verdik, indisə onlar avrokuboklarda iştirak edən komandalara transfer olunurlar. Bizim layihəmiz göstərdi ki, düz yolda getmişik. Bunu rahatlıqla deyə bilərik. Çalışırıq heyətin çoxunu saxlayaq. Hazırda danışıqlar gedir.

- Yenidən Premyer Liqaya yüksəlməyiniz nə dərəcədə mümkün olacaq? Maliyyə həminki kimi olmadığını nəzərə alsaq, işinizi necə quracaqsınız? 

- Təbii ki, Premyer Liqaya yüksəlmək üçün mübarizə aparacağıq. Bizdə hər şey peşəkar səviyyədə qurulub və düşünürəm ki, həm rəhbərlik, həm də biz bu işin öhdəsindən gələ biləcəyik.

- Azərbaycan Premyer Liqasından ölkəmizdə birinci diviziona düşən komandaların tarixin yaddaşına qovuşması halları ilə rastlaşmışıq. "Şamaxı"nın da bu siyahıya daxil olacağını gözləyirlər. Bu haqda sənin fikrin necədir? 

- Dediyiniz kimi, əvvəllər praktikada belə hadisələr olub. Amma düşünürəm ki, heç vaxt  "Şamaxı" belə klublardan olmayacaq. Çünki burda hər şey peşəkarcasına qurulub.

- Cavid Hüseynov komandadan ayrıldı və bu dəfə baş məşqçi kimi tək işləyəcəksən. Bu sənin üçün daha yaxşıdır, yoxsa Hüseynovla birlikdə işləməyi istəyərdin? 

- Komandanın heç bir üzvü daimi deyil. Bu gün mən burdayam, sabah mən də olmaya bilərəm, heç kim əbədi deyil. Cavid Hüseynovla yaxşı bir mövsüm keçirdim. Hər ikimiz üçün futbol baxımından kifayət qədər yaxşı təcrübə oldu.

- Maraqlıdır, niyə Hüseynovla birlikdə işləməyə davam etmədiniz? Onunla birlikdə "Cəbrayıl"a yollana bilərdiz? 

-  Bugünkü gündə iş belə gətirdi ki, bir yerdə işləməyəcəyik. Bəlkə, gələcəkdə yenidən bir yerdə işləmək üçün imkan oldu. Cavid Hüseynov ən xoş sözlərə layiqdir, hamıya uğurlar arzulayıram.

Mirbağırağa
 

Xəbər xətti