"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Linkoln"a qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb.
- "Qarabağ" bu gün Çempionlar Liqasın 2023/2024 mövsümünün ilk oyununa çıxır. Yoxlama görüşlərindən sonra "Qarabağ" sizdə hansı təəssüratı yaratdı?
- "Qarabağ"ı yoldaşlıq oyununa görə qiymətləndirmək düzgün olmazdı. Onlar rəsmi oyuna tam başqa motivasiya ilə çıxırlar. Xüsusən də, bu, Çempionlar Liqasının oyunudursa. Amma ümumi götürsək, "Qarabağ" yoldaşlıq oyunlarındakı performansı müsbət təəssürat yaratdı.
- İlk turda daha çətin rəqib düşə bilərdi, amma püşk "Linkoln"u Azərbaycan çempionunun önünə çıxardı. Bu mənada, "Qarabağ"ın bəxtinin gətirdiyini düşünmək olar?
- İlk turda daha zəif rəqiblə qarşılaşmaq üstünlükdür. Komandanın həm mərhələ keçmək şansı çox olur, həm də tam idman formasını yığmaq üçün daha üç həftə qazanır. Bunlar önəmlidir.
- "Linkoln" "Qarabağ" üçün problem yarada bilər? Bu komanda favorit hesab edilməsə də, Konfrans Liqasının qrup mərhələsində oynamağı bacarıb...
- Futbolda gözlənilməz nəticələr ola bilir. "Linkoln"un heyətində bir neçə ispan futbolçu var. "Qarabağ"ın məşqçilər korpusu bunu nəzərə alıb. "Linkoln"un "Qarabağ"a təhlükə yaratmaq ehtimalı azdır.
- "Linkoln" matçlarını süni meydanda keçirir. Azərbaycan çempionu üçün problem yaranacaq?
- "Qarabağ" Avropada böyük təcrübəyə malik komandadır. Bu cür səviyyəli turnirlərdə də dəfələrlə süni meydanda oynayıblar. İlk mərhələni keçmək üçün hansısa problem olacağını düşünmürəm.
- Yeni transferlər - Hamidu Keyta və Juninyonu meydanda ilk dəqiqələrdən olacağını gözləyirsiz?
- Hamidu Keytanın start heyətində meydanda olması gözləniləndi. Juninyonu belə tezliklə onbirlikdə olacağını isə gözləmirəm.
- Yeri gəlmişkən, Patrik Andradenin geri qayıtması haqda hansı fikirdəsiz?
- Patrik Andradenin gedişi "Qarabağ"ın heyətində hələ də, hiss olunurdu. Qayıdışı komandanın gücünə güc qatacaq. Burada olduğu vaxtda da səviyyəsini göstərmişdi.
- Kevin Medina Türkiyə Superliqasının təmsilçisi olan "Rizəspor"a keçəcək. Onu əvəz etmək üçün legioner müdafiəçi transfer edilməlidir?
- Kevin Medinanın gedişi böyük itki olacaq. Əsas heyətdə Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov kimi yerli stoperlər var. Bu mövqeyə legioner oyunçunun transferi də baş tuta bilər. Gözləyək, görərik.
- "Qarabağ" cütün taleyini səfərdə həll edə biləcək? Yəqin ki, sürprizə imkan verməzlər?
- "Qarabağ" Bakıdakı oyunu risksiz keçməsi üçün səfərdə əlindən gələni edəcək. Belə oyunlarda hesabı tez açmaq üstünlük yaradır. Fikrimə, hər hansı sürpriz olmayacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi