"Azərbaycan yığmasında oynamağa cəhd etmədiyim üçün indi peşmanam" - MÜSAHİBƏ

18:55 - 15 İyul 2023

"Krasnodar"ın yetirməsi olan Ruslan Rzayev Sportal.az saytına müsahibə verib. Vaxtı ilə adıçəkilən klubun heyətində oynayarkən gələcəyinə böyük ümidlər bəslənən 25 yaşlı futbolçu Azərbaycan millisində oynamaq istəyindən danışıb. Hazırda "SKA Rostov"un formasını geyinən Rzayev klublarımızdan təklif aldığını da etiraf edib. 

- "SKA-Rostov"da işlərin necə gedir? 

- Hər şey yaxşıdır. Məşqlərimi edirəm, yeni mövsümə hazırlaşıram.

- Komandanın əsas məqsədi nədən ibarətdir? 

- Əsas məqsədimiz turnir cədvəlində daha üst pillələrə yüksəlməkdir. Maksimum nəticələr qazanmaq istəyirik. Buna qadir kollektivimiz var. Əminəm ki, işimizin öhdəsindən gələcəyik.

- Bilirəm ki, sənə uzun illərdir Azərbaycanın U-19, U-21 yığmalarından dəvət olur. Bəs, nəyə görə gəlmək istəmirdin, niyə qəbul etmirdin AFFA-nın təklifini?

- Klubdan deyilənə görə, mənə Azərbaycan millisindən dəvət olmuşdu. Düzü, Azərbaycan yığmasında oynamağa cəhd etmədiyim üçün indi peşmanam. Ola bilsin ki, o vaxtı hazır deyildim.

- Ümumiyyətlə, Azərbaycan millisində oynamağı heç xəyal etməmisən? Yəni, sənin üçün Azərbaycan yığmasında oynamaq prioritet sayılmayıb?

- Millidə oynamaq hər bir azərbaycanlı üçün prioritet məsələdir. Hamı belə fikirləşir. 

- Əslində, indi də yaşlı deyilsən, cəmi 25 yaşın var. Bundan sonra Azərbaycanın A millisində oynamaq alınar? Bunu özün istəyirsən?

- Əlbəttə ki, bundan sonra da Azərbaycan millisində oynamaq alınar. İndi istənilən yaşda milliyə düşmək olar. Sadəcə buna hazır olmaq lazımdır.

- Ümumiyyətlə, Azərbaycan klublarından heç təklif almısan? 

- Bəli, təklif gəlmişdi. Özü də, bir müddət əvvəl. Hansı komandalardan olduğunu deyə bilmərəm. Ad çəkməyim doğru olmazdı. Məni Azərbaycanda görəcəksiniz ya, yox indidən deyə bilmərəm.

- Sənin üçün doğma sayılan “Krasnodar”da “Qarabağ”ın sabiq futbolçusu Kadi Borges oynayır. Onun haqda fikrin necədir? 

- Kadi Borges çox yaxşı futbolçudur. “Krasnodar”ın oyun stilinə də uyğun gəlir. “Qarabağ”dan “Krasnodar”a keçdiyini bilirəm. "Qarabağ"da oynayandan onu tanıyıram.

Mirbağırağa
 

Xəbər xətti