"Zirə"nin müdafiəçisi Dmitrios Çantakias Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 1-ci turunun “Qarabağ”la görüşündə komandasının qələbə qolunu vuran yunan futbolçu bu gün “Kəpəz”ə qarşı keçiriləcək matçdan gözləntilərini söyləyib.

- Bu gün "Kəpəz" önünə çıxacaqsınız. Matçla bağlı fikrin necədir?

- Bizim üçün hər oyun önəmlidir. Oyuna da yaxşı hazırlaşırıq. "Kəpəz"lə görüşdə də uğurlu nəticə qazanmağa çalışacağıq.

- "Qarabağ"la matçdakı uğurlu nəticənin davamını gətirməyə çalışacaqsız...

- Doğrudur. Yaxşı oyun göstərib, uğurlu nəticə üçün meydana çıxacağıq.

- Premyer Liqanın ilk turunda "Qarabağ"a qalib gəlmişdiniz. Həmin oyunu necə xatırlayırsan?

- "Qarabağ"a qarşı çox çətin oyun oynadıq. Amma yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Onsuzda, hər bir görüşdə qələbə qazanmaq niyyətindəyik. Hər şeyin daha yaxşı olacağına inanırıq.

- “Zirə” tarixində ilk dəfə “Qarabağ”a qalib gəldi..

- Əlbəttə ki, biz bunu bilirdik. Yəni, indiyə qədər qalib gəlməmişdik onlara. "Qarabağ"la matçda qalib gəldiyimiz üçün xoşbəxtik. Hər oyunda qələbə qazanmağa çalışırıq. "Qarabağ"la oyundakı qələbənin ardını gətirmək önəmlidir.

- “Qarabağ”la görüşdə qələbə qolunu sən vurdun. Sənin üçün çox önəmli qol oldu?

- Düzünü deyim, mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Çünki mən istəyirəm ki, hər oyunda qələbə qazanaq. Əsas odur ki, “Zirə” hər görüşdə qalib gəlsin, kimin qol vurmasının önəmi yoxdur.

- "Zirə" son çempiona qalib gəldi. Bu, sizə 2023/2024 mövsümündə daha inamlı olmaq üçün motivasiya verəcək?

- Əlbəttə. “Qarabağ” üzərində qazanılan qələbə bizə böyük motivasiya verəcək. Yolumuza uğurla davam etmək, güclü komanda kimi qalmaq niyyətindəyik.

- Komandanın bu mövsümkü məqsədi nədir? Avrokuboklara yollanmağınız realdır?

- Mən hər şeyi qabaqlayıb, öncədən danışmaq istəmirəm. Onu bilirəm ki, hər görüşdə yaxşı oynayıb, qələbə qazanmaq istəyirik. İnanıram ki, bunu əldə edə biləcəyik.

- Ötən mövsüm müdafiənin mərkəzində Nemanya Ancelkoviç, bu mövsüm isə Ruan Renato ilə oynayırsan. Onunla yan-yana oynamaq necədir?

- Ruan və Nemanya da yaxşı futbolçudur. Ruanla da digər oyunçularla olduğu kimi, münasibətimiz yaxşıdır. Premyer Liqada işimizin necə olacağını görəcəyik. Çalışırıq ki, komandanın uğuru üçün ən yaxşısını edək. 

Mirbağırağa