"Bu legionerlərlə "Neftçi"nin "Qarabağ"la çempionluq uğrunda layiqli mübarizə aparması çətindir" - MÜSAHİBƏ

14:36 - 21 Avqust 2023

"Neftçi"nin veteran futbolçusu və sabiq məşqçisi, futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.

- "Neftçi" avrokuboklardakı çıxışını "Beşiktaş"a 1:2 uduzaraq dayandırdılar. Emin Mahmudov hesabı açanda təmsilçimizin növbəti mərhələyə adlaya biləcəyinə inamınız yüksəlmişdi?

- İstanbuldakı cavab görüşündə "Neftçi"nin hesabı açması xoş oldu. Amma istər Bakıdakı, istərsə də, Türkiyədəki matçda "Beşiktaş" "Neftçi"dən üstün olması açıq-aydın görünürdü. Təmsilçimiz mərhələ adlayacağına tam güvən vermirdi. "Neftçi" hesabda irəlidə olanda da mərhələ adlaması inandırıcı görünmürdü.

- Sizcə, Adrian Mutu və yeni transferlər "Neftçi"dəki vəziyyəti düzəldə biləcək?

- Adrian Mutu komandaya yeni gəlib. İndidən onun böyük işlər görəcəyini demək çətindir. Avrokubok və daxili çempionatdakı oyunları nəzərə alsaq, hələ ki, mənə böyük ümid vermir. Bir neçə oyundan, aydan sonra işinə tam uyğunlaşanda, komanda tam hazır vəziyyətə gələndə, onda ətraflı nəsə demək olar. Ancaq indi ortada görülən böyük iş yoxdur. Ümid edirəm ki, Mutunun "Neftçi"yə və Azərbaycan futboluna xeyri dəyəcək.

- "Neftçi" gələcəyə ümid verir?

- "Neftçi" yerli və xarici bazardan çox transfer edib. Burada olanları tanıyırıq. Yeni gələnlərdən isə Yuri Matiası bir az fərqləndirərdim. Liderlik keyfiyyəti görünür, bu da vacib amildir. Yaxşı futbolçudur. Andre Şinyaşiki "Neftçi"nin oyununa müsbət təsir edə bilər. Amma qalan futbolçular - Ervin Koffi, Mark Tamaş, Aaron Olanare hazırda "Neftçi"də böyük işlər görə biləcək potensiala malik oyunçular deyil. Əgər böyük işlər görmək istəyirlərsə...Bu legionerlərlə "Neftçi"nin avrokuboklarda nəticə qazanması, "Qarabağ"la çempionluq uğrunda layiqli mübarizə aparması çətindir. 

- "Neftçi" Premyer Liqanın 3-cü turunun oyununda "Sabah"la bərabərə qaldı. Sizcə, "Neftçi" qalib gəlməyə layiq idi?

- Dinamik futbol izlədik. Bu cür oyunlarımız nə qədər çox olsa, Azərbaycan futbolunun yalnız xeyrinədir. Xətalar olurdu, texniki səhvlər var idi. "Sabah" çox yüksək pressinqlə başladı, ilk 10-15 dəqiqə "Neftçi"yə göz açmağa imkan vermədi. Sonradan isə üstünlük gah "Sabah"a, gah da "Neftçi"yə keçirdi. "Sabah" qələbəyə bir az daha yaxın görünürdü. Amma elə heç-heçə ədalətli nəticə oldu.

- "Neftçi" "Səbail" və "Kəpəz"lə görüşlərdə qələbə qazana bilmədi. Bu komandaları məğlubiyyətə uğrada bilməyən "Neftçi" çempionluğa ümid edə bilər?

- "Səbail" və "Kəpəz" çempionata heç yaxşı başlamayıblar. Bu komandalar üzərində qələbə qazana bilməyən "Neftçi" üçün hazırkı çempionat çox çətin olacaq. Siz çempionluq deyirsiz, məncə, hətta ikinci yer uğrunda mübarizə də "Neftçi" üçün çətin görünür. Bu komanda hazırda çempionluğa heç layiq deyil. İnanmıram ki, bundan sonra böyük dəyişiklik edib "Qarabağ" və ya "Sabah"la çempionluğa layiqli mübarizə aparsın. Hələ ki, "Neftçi" o ümidi vermir və çempionluqdan çox uzaq oyun sərgiləyir.

Mirbağırağa

Xəbər xətti