"Araz-Naxçıvan"ın kapitanı Numan Kurdiç Premyer Liqanın 7-ci turunun "Səbail"lə matçından sonra Sportal.az saytına açıqlama verib. O, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib:
"Birinci hissədə üç real qol şansını əldən verdik. Sonradan isə qapımıza penalti təyin edildi. İkinci hissədə hesabı bərabərləşdirməyə nə qədər çalışsaq da, alınmadı. Təbii ki, daha yaxşı oynayıb, şanslar əldə edərək qol vurmaq istəyirdik. Lakin alınmadı. "Səbail"in 1-2 qol şansı yarandı, ondan da istifadə etdilər. Çalışacağıq ki, qarşıdakı matçda qalib gələk. Hazırlaşacağıq".
Naxçıvan klubunun kapitanı Azərbaycan Premyer Liqasının səviyyəsinin normal olduğunu bildirib: "Azərbaycan çempionatının səviyyəsi mənə görə yaxşıdır. Çünki bir komanda digərinə qalib gələ bilir. Biz "Neftçi"ni məğlub etdik, "Səbail" bizə qalib gəldi. Həqiqətən maraqlı liqadır. Mübarizəmizi davam etdiririk. Avrokuboklara yollanmaq barədə danışmaq çox tezdir. Çünki cəmi 7 tur geridə qalıb. Əlbəttə ki, yaxşı oynamağa davam etsək, hər şey mümkün ola bilər".
Sonda isə Bosniya və Herseqovinadan olan müdafiəçi komandasının oyunlarını Naxçıvanda keçirməyin üstünlüklərindən bəhs edib: "Təbii ki, oyunlarımızı Naxçıvanda keçirmək bizim üçün yaxşı olardı. Öz stadionumuzda, azarkeşlərimizin qarşısında oynamaq vacibdir. Oyunlarımızı Bakıda keçiririk, burada yaşayırıq. Paytaxt gözəldir, amma Naxçıvan haqda məlumata sahib deyiləm. Çünki Bosniya və Herseqovinadan Bakıya gəlmişəm. Naxçıvanda oynamaq yaxşı olardı. Çünki orada bizim azarkeşlərimiz var. Necə olacağını görəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi