"Həyəcanlı deyildim, ötən mövsüm də "Sabah"a qarşı oynamışdım" - MÜSAHİBƏ

10:48 - 27 Sentyabr 2023

"Sabah"ın futbolçusu, icarə əsasında "Kəpəz"də çıxış edən Şakir Seyidov Sportal.az saytına müsahibə verib. Yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunun "Sabah" - "Kəpəz" (2:2) görüşündə iştirak edən, müqavilə ilə məxsus olduğu komandaya qarşı keçirilmiş matç haqda danışıb.

- "Sabah"a qarşı matçınız necə alındı? Səncə, ədalətli nəticə oldu, yoxsa qələbə qazana bilərdiz?

- Biz hər oyuna qələbə üçün çıxırıq. "Sabah"la matçda da qalib gəlmək istəyirdik. Maraqlı və yaxşı oyun alındı. Nəticə də 2:2 başa çatdı. 

- Yəqin ki, uduzmayacağınıza inanırdınız? Çünki rəqib bu mövsüm heç də yaxşı durumda deyil...

- Biz istənilən rəqiblə görüşə çıxanda uğurlu nəticə haqda düşünürük. Sırf "Sabah"la oyunla bağlı deyil. Heç bir rəqibdən çəkinmirik. Hər oyunda qalib gələcəyimizə inanırıq. Meydanda da inamlı oynadıq.

- Məxsus olduğun kluba qarşı oynayırdın. Hansısa həyəcan var idi və ya özünü sübut etmək haqda düşünürdün?

- Xeyr, həyəcanlı deyildim. Ötən mövsüm də "Sabah"a qarşı oynamışdım. Onda da "Turan-Tovuz"un formasını geyinirdim. Bu dəfə "Kəpəz"in heyətində "Sabah"la matçın iştirakçısı oldum. Hazırda "Kəpəz"in üzvüyəmsə, bu komandanın uğurları üçün çalışıram.

- Bu matçda xal qazanmağınızda "Sabah"ın qapıçısı Rüstam Samiqullinin zəif oyunu da önəmli rol oynadı. Hər halda, buraxılmış hər iki qolda da səhvə yol verdi...

- Bu haqda nəsə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, istənilən futbolçu səhv edə bilər. Bu, qaçılmazdır. Biz ilk dəqiqələrdən sona kimi mübarizə apardıq.

- Maraqlıdır ki, "Kəpəz" "Qarabağ","Neftçi" və "Sabah" kimi iddiaları böyük olan klublardan xal ala bilir, amma "Araz-Naxçıvan", "Turan-Tovuz" və "Səbail" kimi rəqiblərlə bacarmır. Bunun əsas səbəbi nədir?

- Biz öz səhvlərimizdən qollar bruaxmışıq. İnanıram ki, gələcək matçlarda Gəncədə daha da yaxşı oyun göstərəcəyik. Bununla da, daha yaxşı nəticələr qazanacağıq. Özümüz də istəyirik ki, azarkeşlərimizi sevindirək. 

- "Kəpəz"ə autsayder gözü ilə baxırlar. Səncə, komanda Premyer Liqadakı yerini qoruyub-saxlaya biləcək?

- Mən belə olduğunu düşünmürəm. Çünki ən azından hansı komandalardan xal almışıq, geriyə dönüb baxa bilərlər. Hər oyunda maksimum dərəcədə mübarizə aparacağıq. 

- Növbəti turda rəqibiniz "Qəbələ"dir. Bu klub sonuncu pillədədir və sizinlə qonşudur. "Qəbələ"ni məğlub edə biləcəksiniz?

- Hər matçda uğurlu nəticə istəyirik. Artıq bu oyunun hazırlıqlarına başlamışıq və davam edirik. "Qəbələ" ilə görüşdə də qələbə üçün oynayacağıq. Allah qoysa, bu bizdə alınacar.

Mirbağırağa

Xəbər xətti