Yayda "Adanaspor"dan ayrılaraq "Səbail"ə keçən və qısa zamanda komandanın aparıcı üzvünə çevrilən Pedro Nuno Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 7-ci turunun “Araz-Naxçıvan”la matçda yeganə qolu vuraraq komandasına qələbə qazandıran portuqaliyalı Bayıl klubunun bu mövsümkü məqsədlərin söhbət açıb.
- "Araz-Naxçıvan"la görüşdə qalib gəlməyi bacardınız. Matç sizin üçün necə keçdi?
- Çox çətin oyun oldu və bu barədə artıq məşqçimiz tərəfindən xəbərdarlıq edilmişdi. Bəzən elə oyunlar olur ki, biz bir az əziyyət çəkməli oluruq və bu da həmin matçlardan biri idi. Amma əsas məqsəd qələbə qazanmaq idi və mən buna, vurduğum qolla kömək etdiyim üçün çox şadam.
- Bu, komandanın ardıcıl dördüncü qələbəsi idi. Bu tempi saxlamaq mümkün olacaq?
- İnanıram ki, komanda keyfiyyətə malik olduğunu və istənilən rəqibi məğlub edə biləcəyimizi artıq bir neçə dəfə nümayiş etdirib. Lakin bunun baş verməsi üçün biz bu komanda ruhu ilə davam etməliyik və hər gün çox çalışmalıyıq. Bizi hələ çempionatda çox oyun gözləyir.
- Komanda hazırda ikinci pillədədir. Burada qalmaq nə dərəcədə realdır? İndi “Səbail”ə daha ciddi yanaşıldığını demək olar?
- Bütün komandalara ciddi yanaşmaq lazımdır. Biz yaxşı mövsüm keçirmək üçün burada olduğumuzu artıq nümayiş etdirmişik.
- Maraqlıdır ki, “Araz-Naxçıvan”la görüşdə təyin edilmiş penaltini Aleksander Ramalinqom yox, sən yerinə yetirdin. Narazılıq oldu?
- Niyə problem yaşanmalıdır ki? Bu mövzu mövsümün əvvəlindən aramızda danışılır və həm o, həm də mən klubun məqsədlərinə çatmasına kömək etmək istəyirik. Hamılıqla əsas məqsədimiz budur.
- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Rəqib ötən mövsüm ikinci yeri tutmuşdu. Amma bu mövsüm yaxşı formada deyillər. Sizcə, qələbə seriyası davam edəcək?
- Bizi daha bir çox çətin oyun gözləyir. "Sabah" bu mövsüm çox yaxşı nəticələr əldə etməsə də, bilirik ki, onlar istənilən vaxt qalib gələ biləcək yüksək keyfiyyətə malik komandadır. Rəqibə hörmət edərək, onlarla mübarizə aparıb, əvvəlki kimi qalib gəlməyə çalışacağıq.
- Azərbaycan Premyer Liqası haqqında fikirləriniz necədir? Portuqaliya çempionatı və Türkiyə birinci divizionu ilə müqayisədə zəif, yoxsa güclü görünür?
- Portuqaliya liqası hər cəhətdən üstündür. Amma Azərbaycan Premyer Liqasında bəyəndiyim odur ki, bütün komandalar bir-birini məğlub edə bilir. Bu da çempionatı olduqca maraqlı və rəqabətli edir.
- Mövsümü ilk üçlükdə başa vurmaq əsas məqsəddir?
- Məqsədimiz həmişə növbəti oyunda qalib gəlməkdir. Sonda isə hesablama aparacağıq. Lakin indi məqsədimiz növbəti görüşdə uğurlu nəticə qazanmaqdır.
Mirbağırağa
saytlarin hazirlanmasi