"Neftçi" həmişə çempionluğa oynayan komandadır, bəlkə ona görə bu cür iddialı danışır" - MÜSAHİBƏ

15:51 - 29 Sentyabr 2023

"Turan-Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- Sabah "Neftçi" ilə qarşılaşacaqsınız. Evdə rəqibinizi məğlub edə biləcəksiz?

- Çətin oyun olacağı dəqiqdir. Həm bizi, həm də onları ağır oyun gözləyir. "Neftçi" son vaxtlarda xallar itirib. Buna görə onlar da xallar qazanmağa çalışacaq. Amma biz də bunu istəyirik. Komanda olaraq "Neftçi"ni analiz etmişik. Çalışacağlq ki, oyunda ideal durumda olaq və istədiyimiz nəticəni qazanaq.

- Ötən mövsüm Tovuzda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etmişdiniz. Səncə, nəticəni təkrarlamaq ?

- Bəli, ötən mövsüm evdə onları udmuşduq. Amma ötən mövsümlə müqayisədə "Neftçi"də çox dəyişiklik olub. Keçən ilki heyətdən indi 2-3 futbolçu qalıb, ya qalmayıb. "Neftçi"nin yeni heyəti, yeni baş məşqçisi və yeni oyun üslubu var. Hər iki tərəfə üçün də ağır olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- "Neftçi"nin bu mövsüm daha uğurlu çıxış edəcəyi gözlənilsə də, komanda 7 turdan sonra yalnız 6-cı pillədədir. Rəqib haqda nə düşünürsən?

- Ola bilər ki, çempionatın əvvəlində yeni gələnlərin adaptasiyası zaman aldı. Üstəlik, "Neftçi" avrokuboklarda çıxış etdi, çətinlik oldu. Belə durumda yorğunluq da özünü göstərir. Ancaq söhbət "Neftçi"dən gedir. Onlar çempionluğa oynayan komandadır, geniş heyətləri var. Rəqibin gücünə baxmayaraq, biz xallar qazanmaq istəyirik.

- Bu mövsüm Tovuzda uğurlu çıxış edə bilmirsiz. Səbəbini nədə görürsən? "Neftçi" ilə görüşdə buna son qoya biləcəksiz?

- Bu sualı çox verirlər. Amma mən Tovuzda uğursuz çıxış etdiyimizi deməzdim. Bir matçda "Səbail"ə uduzduq, digərində "Qəbələ" ilə bərabərə qaldıq. Halbuki, hər iki görüşdə uğurlu nəticəyə yaxın olmuşduq. Sadəcə bəzi epizodlarda konsentrasiya çatmadı deyə, qollar buraxdıq. Biz səfərə gedəndə necə xal qazanmaq istəyiriksə, rəqiblər də Tovuza xallar üçün gəlir. Analizlər edirik, çalışırıq ki, həmin səhvləri aradan qaldıraq və evdə qələbə qazanaq.

- "Neftçi"nin legioneri Kenni Sayef Tovuza qələbə üçün yollandıqlarını bildirib...

- Yenə deyirəm, biz də səfərə xal və ya xallar qazanmaq üçün yollanırıq. "Neftçi" də bura onun üçün gəlir, iddialı danışması normaldır. "Neftçi"ni analiz etmişik. Komanda olaraq düzgün oynayıb, xal və ya xallar qazanmağa çalışacağıq. Rəqibimiz həmişə çempionluğa oynayan komandadır, bəlkə də ona görə bu cür iddialı danışır. Biz də istədiyimiz futbolu oynayaraq, uğurlu nəticə əldə etmək istəyirik.

Mirbağırağa

Xəbər xətti