"Sabah"ın forvardı Emmanuel Apeh Sportal.az saytına müsahibə verib. Masazır klubunun legioner hücumçusu Premyer Liqanın 8-ci turunda "Səbail"lə bərabərə(2:2) qalmalarını şərh edib. Bununla yanaşı, o, "Sabah"ın bu mövsümkü çıxışından danışıb.
- Yəqin ki, "Səbail"lə görüşdəki bərabərlik üzücü idi?
- Bəli, elədir. Biz yaxşı komandaya sahibik. Təbii ki, bu cür nəticəyə görə məyusuq. Çünki qələbəyə layiq idik. Lakin futbolda belə hallar da olur.
- Murad Musayev mətbuat konfransında meydançanın ağır olmasından da şikayətlənib. Bu, futbolçulara təsir edirdi?
- Açığı, bəli, ağır meydançadır. Biz təbii meydanda oynamağa öyrəşmişik. Amma bundan gileylənmək, şikayətlənmək doğru deyil. Necə olursa-olsun, qələbə qazanmalıydıq.
- Bəs, 2:2 hesabı ədalətli nəticə idi?
- Məncə, heç-heçəni ədalətli nəticə kimi qeyd etmək olar. Amma biz meydana qələbə üçün çıxmışdıq. "Səbail" də mübarizə aparırdı. Onların da göstərdiyi performansı nəzərə alsaq, haqlı nəticə olduğunu demək mümkündür.
- "Sabah"ın ilk qolunu penaltidən yararlanaraq sən vurdun. Amma bundan qabaq nə baş vermişdi, sanki zərbəni Aleksey İsayev vurmaq istəyirdi, anlaşılmazlıq yaranmışdı...
- Doğrudur, zərbəni Aleksey vurmalıydı. Çünki bizdə penaltiləri o vurur. Lakin orada söhbətləşdik və mənim vura biləcəyimi söylədi. Mən də vurdum. Şadam ki, qol oldu.
- Qol olmasaydı, Murad Musayev hər ikinizə nəsə deyəcəkdi, yoxsa heç bunu düşünmürdün?
- Komandamızda penaltiləri İsayev vurur. Əlbəttə, baş məşqçi nəsə deyə bilər. Hər halda, biz komanda yoldaşlarıq, bir kollektivik. Özümdə inam hiss etdim və ona görə topa yaxınlaşdım.
- Nəticələriniz o qədər də ürəkaçan deyil. Səncə, Konfrans Liqasında "Partizan" səddini keçsəydiniz, indi işləriniz daha yaxşı olardı? Sanki həmin məğlubiyyət psixoloji olaraq komandaya təsir etdi...
- Bəli, razıyam, "Partizan"a məğlubiyyət bizi çox üzdü. Amma futboldur. Bəzən belə şeylər olur. Hər halda, biz "Sabah" klubuyuq və hər oyuna qələbə üçün çıxırıq. Vəziyyəti dəyişməliyik, bunu edə biləcək gücdəyik.
- "Sabah" çempionluq mübarizəsində olacaq?
- Bu dəqiqə o haqda düşünmürük. Biz hər növbəti oyuna köklənirik, hər matça qələbə üçün çıxırıq. Gələcəkdə necə olacağını bilmirik. Əsas odur ki, biz hər növbəti oyuna konsentrasiya oluruq.
- "İnter", "Lion", "Herta" kimi komandalarda forma geyinmiş İshak Belfodilin gəlişi sənin əsas heyətdə oynamağına çətinlik yaratmayacaq?
- Bu cür futbolçunun gəlişi bizim üçün daha yaxşıdır. Hər futbolçu kimi, biz də ən yaxşısını edirik. İndi komandamızda üç hücumçu var və bu rəqabət oyunçular üçün də xeyirlidir. Hər birimiz start heyəti üçün mübarizə aparacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi