"Azərbaycanlılar "Qarabağ" kimi kluba sahib olduqları üçün özlərini xoşbəxt hiss etməlidirlər" - MÜSAHİBƏ

15:18 - 4 Oktyabr 2023

Karyerası ərzində “Hayduk”, “Köln” klublarında oynadıqdan sonra “Qarabağ”ın da qapısını qorumuş Miro Varvodiç Sportal.az saytına müsahibə verib. Hazırda Xorvatiyanın “Duqopolye” klubunun üzvü olan 34 yaşlı qapıçı Ağdam klubunun avrokuboklardakı çıxışını və “Dinamo”nun (Zaqreb) formasını geyinən Mahir Emreli barədə danışıb.

"Mahir Emreli hazırda “Dinamo” üçün hazırda çox vacib futbolçudur"

- Hazırda Xorvatiyanın birinci liqasında mübarizə aparan “Duqopolye”də çıxış edirsən. İşlərin necə gedir? 

- Klubsuz qalmışdım. Formada qalmağım üçün doğma şəhərimə yaxın olan Split yaxınlığında komanda tapdım. Cəmi 3 aydır ki, “Duqopolye”dəyəm. Bura daha çox gənc oyunçular üçün yaxşı klubdur. Mən yeni komanda axtarıram, hara gedəcəyimi yaxın vaxtlarda görəcəyik. İndi İspaniyadan təklifim var. Amma bəlkə də Azərbaycana qayıtdım(gülür).

- Xorvatiyanın əsas liqasında Azərbaycan millisinin üzvü oynayır. “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Dinamo”nun formasını geyinən Mahir Emreli haqda hansı fikirdəsən? 

- Luka İvanusek, Dominik Livakoviç, Ariyan Ademi kimi oyunçular milyonlara başqa komandaya transfer olur. Bu mövsüm “Dinamo”da Emreli üçün böyük şans olduğunu düşünürəm. O, çox yaxşı oynayır və baş məşqçi Sergey Yakiroviçin rəhbərliyi altında daha çox dəqiqə qazanacaq. Əminəm ki, “Dinamo”dan sonra daha yaxşı kluba gedəcək.

- Emreli bir müddət "Dinamo"da şans qazanmadı. Buna görə də o, icarə əsasında “Konyaspor”da çıxış etdi. Onun “Dinamo”da daim əsas heyətdə oynaması mümkündür?

- Emerli bu vəziyyətdə oynamağa qadirdir. O, güclüdür. Onun mövqeyində daha çox oyunçu var və məşqçi rotasiyalar edəcək. “Dinamo” Konfrans Liqasında da oynayır. Bu mənada, Mahir Emreli hazırda “Dinamo” üçün hazırda çox vacib futbolçudur. 

- Sergey Yakiroviç Emreliyə güvənir? 

- Yakiroviç mənim də məşqçim olub. O, çox yaxşı məşqçidir. 3-4 oyuna baxdım və görürəm ki, Yakiroviç Mahirə çox güvənir. Hətta müsahibəsində də Emrelinin oynamaq üçün çox dəqiqələri olacağını bildirib. Mahir qollar vursa, Yakiroviçin “Dinamo”dakı birinci variantı olacaq. 

- “Dinamo”dan sonra Avropanın daha tanınmış və güclü klublarına keçənlər çoxdur. Emreli də onlardan biri ola bilər?

- "Dinamo" futbolçularını 8-16 milyona satır. Klub Luka Modriç, Vedran Çorluka, Deyan Lovren kimi bir sıra futbolçuları Avropa klublarına satıb. Emerli qol vursa, İtaliya və ya İspaniya kimi ölkələrin klublarına gedəcək. Onun üçün “Dinamo” yaxşı seçimdir.

"Dostlarıma "Qarabağ"ın Avropadakı nəticələrinin sürpriz olmadığını deyirəm"

- Keçmiş komandan “Qarabağ” haqqında nə düşünürsən? Onlar "Bayer" (Leverkuzen), "Molde" və "Hekken"lə eyni qrupda mübarizə aparırlar. İlk turda da Norveç klubuna Bakıda qalib gəldi...

- Dostlarım həmişə mənə “Qarabağ” haqda danışanda deyirlər: “Qarabağ" afərin, sadəcə möhtəşəmdir, bu nəticələr sürprizdir”. Amma onlara bu nəticələrin sürpriz olmadığını deyirəm. “Qarabağ” ciddi kluba çevrildi və onun üçün Avropa Liqasında nəticələr qazanması normaldır. Bəlkə bəzən Konfrans Liqasına, bəzən Çempionlar Liqasına vəsiqə qazanacaqlar.  Azərbaycanlılar "Qarabağ" kimi kluba sahib olduqları üçün özlərini xoşbəxt hiss etməlidirlər.

- "Qarabağ" "Bayer"ə qarşı mübarizə apara bilər? 

- "Bayer" çox güclüdür, “Qarabağ” üçün qrupda lider olmaq çətin görünür. Amma futbolda heç vaxt necə olacağını bilmirsən. “Molde” və “Hekken”ə qarşı “Qarabağ” çox güclü görünəcək. Ümid edirəm ki, pley-offda “Qarabağ”ın bəxti gətirəcək və uyğun rəqib düşəcək. Onlar qrupda ikinciliyi qazanacaq.

- İki gün sonra sabiq komandan "Hekken"lə qarşılaşacaq. Bu matç haqda fikrin necədir?

- Təbii ki, "Qarabağ" bu oyunun favoritidir. Çünki onlar bunu uzun illərdir ki, göstərir. "Qarabağ" İsveçdə də uğurlu nəticə qazana bilər. Buna çox inanıram.

"Qurban Qurbanov böyük məşqçi və möhtəşəm insandır"

- Qurban Qurbanov uzun illərdir ki, “Qarabağ”ın baş məşqçisidir. Onunla işbirliyinizi necə xatırlayırsan və ümumiyyətlə, “Qarabağ”da hansı oyunu daha çox yadındadır?

- Qurban Qurbanov böyük məşqçi və möhtəşəm insandır. Onunla münasibətim hər zaman çox yaxşı olub. “Qarabağ”da uzun illər qalmadığım üçün təəssüflənirəm. “Ayntraxt”a (Frankfurt) qarşı son matçımı xatırlayıram. Bu mənim üçün emosional idi, çünki sonuncu oyunum olmuşdu. Heyf. 

- “Qarabağ”ın əsas qapıçısı hazırda Andrey Lunyovdur. Onun haqda nə fikirləşirsən? “Bayer”dən (Leverkuzen) ayrılıq “Qarabağ”a keçdi...

- Yeni qapıçı haqda heç nə bilmirəm. Ona görə də onun haqqında danışa bilmərəm, heç vaxt onun performansını görməmişdim. Amma Lunyov yaxşı olmalıdır. Çünki “Bayer” kimi komandadan “Qarabağ”a keçib. Meydana çıxdığı "Molde" oyununda da yaxşı performans göstərdi.

Mirbağırağa

Xəbər xətti