"Qəbələ"nin legioneri: "Moreyrense"də birlikdə oynamışıq, amma hələ ki, Bakıda görüşə bilməmişik"

16:18 - 4 Oktyabr 2023

“Kəpəz”ə qarşı oyun çətin alındı. Çünki həm rəqibə, həm də bizə üç xal çox lazım idi. Şadam ki, qələbə qazana bildik. Oyun ərzində qol şanslarımız az deyildi. Bu matçda vurduğum qolun komandama qələbə qazandırmasına görə çox sevinirəm. Hər oyunda “Qəbələ”yə xeyir verməyə çalışıram”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya deyib. 

Bölgə klubunun fransalı yarımmüdafiəçisi Azərbaycan Premyer Liqası haqda da fikirlərini bildirib. O, bununla yanaşı, Premyer Liqanın 9-cu turunda “Səbail”ə qarşı keçiriləcək oyunla bağlı danışıb: “Azərbaycan çempionatı keyfiyyətlidir. Komandalar bir-birini məğlub etməyi bacarır. Qarşıdakı turda da çempionata yaxşı start verən “Səbail”lə qarşılaşacağıq. Rəqib turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Həftəboyu məşqlərimizi edəcəyik. Məşqçilər korpusu rəqib haqda bizə məlumat verəcək”.

Bilel “Səbail”in aparıcı üzvünə çevrilmiş Pedro Nuno ilə Portuqaliyanın “Moreyrenşe” klubunda komanda yoldaşı olduğunu da xatırladıb: “Moreyrense”də oynadığım vaxtda Pedro ilə komanda yoldaşı olmuşuq. İndi isə qismətdən ikimiz də eyni liqada çıxış edirik. Qarşıdakı turda komandalarımız qarşılaşır. Onunla hələ görüşə bilməmişik. Yəqin ki, qarşıdakı turda bir-birimizi görəcəyik”.

Mirbağırağa

Xəbər xətti