"Hekken"in "Qarabağ"la matçdakı əsas üstünlüyü süni meydança və evdə oynamasıdır" - MÜSAHİBƏ

13:34 - 5 Oktyabr 2023

"Qarabağ"ın sabiq baş məşqçisi İqor Ponomaryov Sportal.az saytına müsahibə verib. 63 yaşlı mütəxəssis bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Hekken” və “Qarabağ” klubları arasında keçiriləcək görüşdən gözləntilərini bildirib. “Nörçöppinq”in futbolçusu və məşqçisi olmuş, həm də "Sirianska"nı çalışdıraraq İsveç futboluna yaxşı bələ olan Ponomaryov "Qarabağ"ın bu gün uğurlu nəticə qazanacağına inandığını deyib.

- “Qarabağ” bu gün “Hekken” önünə çıxacaq. Azərbaycan çempionunu favorit göstərənlər az deyil. Siz necə düşünürsüz?

- Azarkeşlərin "Qarabağ"a inanması əladır. Yəqin ki, bu həm futbolçulara, həm də məşqçilər korpusuna inam verir. Mən özüm də, “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanıram.

- Süni ot örtüyü “Qarabağ”a maneə yaradacaq?

- Təbii ki, süni örtüklü meydançanın öz çətinlikləri var. Buna öyrəşmək lazımdır. Ola bilər ki, bu fakt "Qarabağ"a hardasa çətinlik yaratsın. Ancaq əsas rolu oynamayacaq. Vacib məsələ futbolçuların özlərini meydanda göstərməsi, sona qədər mübarizə aparması, maksimumunu verməsi, qələbə qazanmaq istəyidir. Yəni, daha çox mübarizə elementləri ön plana çıxacaq. Taktiki və texniki plan da həmçinin. "Qarabağ"ın "Hekken"lə görüşdə yaranacaq istənilən çətinliyin öhdəsindən gələcəyinə inanıram.

- “Qarabağ” son vaxtlarda yüksəlişə keçib. Azərbaycan çempionunun “Hekken”lə matçda qalib gələcəyinə inanırsınız?

- Bəli, razıyam ki, "Qarabağ" son vaxtlarda yüksəlişdədir. Görünür ki, komanda çox yaxşı komplektləşib. Oyun stillərində azca dəyişiklik də hiss olunur. Bütün azərbaycanlılar “Qarabağ”a inanır və onlardan uğurlu nəticə gözləyir. Allah qoysa, hər şey “Qarabağ” üçün yaxşı alınar.

- Sizcə, "Qarabağ" Bəhlul Mustafazadə, Veşoviçin yoxluğunu hiss etməyəcək?

- Təbii ki, aparıcı oyunçuların olmaması hər zaman mənfi haldır. Təəssüf ki, Bəhlul Mustafazadə və Marko Veşoviç olmayacaq. Ancaq “Qarabağ”ın heyəti genişdir, müxtəlif seçimlər var. Komandanın heyətində yetərincə yaxşı futbolçular yer alıb ki, adını çəkdiyimiz oyunçuları da əvəzləyə bilərlər. Bəhlul və Veşoviç öz mövqelərində ən yaxşılardandır

- Andrey Lunyov artıq güvən verməyi bacarıb? Sizcə, rusiyalı artıq “Qarabağ”ın əsas qapıçısıdır?

- Lunyov qapıda yaxşıdır, müdafiə xəttinə, ümumilikdə komandaya güvən, inam verir. Əlbəttə ki, bu xoşdur. Lunyovun əsas qapıçı olub-olmaması haqda indi bir söz demək çətindir. Amma görünür ki, onun təcrübəsi var, əvvəlki formasına qayıtmaq üçün çalışır. Ümid edək ki, Andrey komandaya tam güvəni verə biləcək, qapıda yaxşı dayanacaq, əsas qolkiper olacaq. 

- İsveçdə işləmisiz, yaşamısız. Maraqlıdır, bu oyunla bağlı sizə yazanlar oldu? 

- Xeyr, düzü İsveçdən heç kəs mənə bu oyunla bağlı yazmayıb. Bunu da başa düşmək olar. Çünki çoxdandır ki, İsveçdə deyiləm, futbol sahəsində yer almıram orada. Bu da öz rolunu oynayır. 

- Sizcə, "Hekken" "Qarabağ"dan xal ala biləcək gücdə olan komandadır?

- Oyunun süni meydanda keçiriləcəyini bayaq qeyd etdik. Bu, "Qarabağ" üçün mənfi haldır. "Hekken" evdə oynayır, daha çox hücum etməyə çalışacaqlar. "Hekken"in "Qarabağ"la matçdakı əsas üstünlüyü süni meydança və evdə oynamasıdır. Təbii ki, onlar da "Qarabağ"dan xal almağa çalışacaqlar.

- Yəqin ki, "Qarabağ" "Hekken"i məğlub edərsə, qrupdan çıxmaq yolunda böyük addım atmış olacaq? Sizcə, "Bayer"lə (Leverkuzen) qrup liderliyi uğrunda mübarizə aparmaq mümkündür?

- Təbii ki, "Qarabağ" "Hekken"ə qalib gələrsə, qrupdan çıxmaq yolunda böyük addım atmış olacaq. "Bayer"in "Molde" ilə görüşdə hansı nəticə göstərəcəyi də maraqlıdır. Hər halda, məncə almanlar Norveçdə qalib gələcəklər. Öz gücümüzə ümid etməliyik. İnanıram ki, "Qarabağ" qrupdan çıxmaq üçün nəticəni özü qazanacaq. "Bayer"lə qrup liderliyi uğrunda mübarizə aparmaq məsələsinə gəlincə, əsas olan qrupdan növbəti mərhələyə çıxmaqdır. Doğrudur, "Qarabağ"ın lider kimi növbəti mərhələyə çıxması əla olardı. Amma əsas olan növbəti mərhələyə adlamaqdır.

Mirbağırağa

Xəbər xətti