"Milli hər bir futbolçu üçün pik nöqtədir, mən də dəvət gözləyirəm" - MÜSAHİBƏ

12:18 - 6 Oktyabr 2023

"Turan-Tovuz"un qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib. O, komandasının bu gün Premyer Liqanın 9-cu turunda “Zirə”yə qarşı keçirəcəyi matç barədə də fikirlərini söyləyib. 

- “Turan-Tovuz” son turda evdə "Neftçi"yə uduzdu. Yaxşı mübarizə aparsanız da, xal qazanmağı bacarmadınız. Oyunu özünüz üçün necə dəyərləndirərdin?

- Matçın çətin olacağını bilirdik. Buna da hazırlaşmışdıq. Gedişatda hiss olunurdu ki, vurulacaq bir qol matçın taleyini həll edəcək. Qol şanslarımız olsa da, istifadə edə bilmədik. "Neftçi" də son dəqiqələrdə qolunu vurub qalib gəldi. Halbuki, biz buraxılan qoldan sonra da epizodlar yaratdıq. Qismət belə imiş. Qarşıdakı matçlara baxacağıq.

- "Neftçi"yə məğlubiyyətinizin əsas səbəbi nədir?

- Hansısa səbəb olduğunu deməzdim. Başabaş oyun getdi. Bizim də epizodlarımız oldu, onların da. Sadəcə, biz qol epizodlarından istifadə edə bilmədik.

- Maraqlı məqamlardan biri də odur ki, "Turan-Tovuz" bu mövsüm ev oyunlarını Tovuzda keçirəndən bəri, uğursuzluğa düçar olub. Azarkeş təzyiqi var, yoxsa ot örtüyü və ya başqa səbəblər uğurlu nəticəyə mane olur?

- Xeyr, üzərimizdə azarkeş təzyiqi olduğunu deməzdim. Çünki onlar bizə dəstək olur. Azarkeş sayına görə də, elə birinci pillədə “Turan-Tovuz”un Tovuzdakı oyunlarıdır. Fanatların təzyiqi yox, dəstəyi var. Doğrudur, süni örtüklü meydanda oynamaq çətindir. Amma şərait hər iki komanda üçün eynidir. Hələ ki, belə alınır. Bunu düzəltməyə çalışacağıq. 

- “Turan-Tovuz” hazırda altıncı pillədədir. Amma komandalar arasında xal fərqi çox deyil. Hazırkı mövqeyinizdən razısız? 
- Bəli, bütün komandalar arasında xal fərqləri azdır. Hər turda turnir cədvəlində yerlər dəyişir. Hələ ki, bir şey demək olmaz. Hansı komandanın harada olacağını mövsümün sonunda bilinəcək. Biz də çalışacağıq ki, mövsümü yuxarı pillələrdə başa vuraq.

- Bu gün “Zirə” ilə oynayacaqsınız. Matçla bağlı fikrin necədir?

- Hər oyuna necə hazırlaşmışıqsa, "Zirə"yə qarşı da eyni cür hazırlaşmışıq. Rəqibin gücünə bələdik. Bilirik ki, “Zirə” liderdir, mövsümə çox yaxşı başlayıb. Maksimumuzu meydanda qoyacağıq ki, səfərdən uğurlu nəticə ilə qayıdaq. 

- Bu turdan sonra Azərbaycan millisinin oyunlarına görə çempionatda fasilə yaranacaq. Heç millidən dəvət gözləyirsən?

- Milli hər bir futbolçu üçün arzu, pik nöqtədir. Mən də hamı kimi milliyə düşmək istəyirəm, dəvət gözləyirəm. Məşqçilər korpusunun verəcəyi qərardır. Hansı qərarı versələr, hörmətlə yanaşacam. “Turan-Tovuz”dakı oyunuma konsentrasiya olmuşam. 

- “Sumqayıt"da daha çox təzyiq altında oynayırdın, yoxsa “Turan-Tovuz”da?

- Öz üzərimdə təzyiq hiss etdiyimi deməzdim. Son mövsüm “Sumqayıt”daydım və hamı bilir ki, orada mövsüm hamımız üçün uğursuz alındı və komanda üzərində təzyiq get-gedə də artırdı. Çünki birinci liqaya düşmək ehtimalı yaranmışdı. Bu mənada, son mövsümdə bir az təzyiq var idi. 

Mirbağırağa
 

Xəbər xətti