"Qarabağ"ın sabiq forvardı Rauf Əliyev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Avropa Liqasındakı çıxışını dəyərləndirib.
- Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken” üzərində qazandığı qələbəsini necə şərh edəcəksən?
- Oyunda diqtə edən tərəf "Qarabağ" idi. Bütün oyunboyu top bizim komandada oldu. Qol epizodları az deyildi. Doğrudur, "Hekken" də təhlükəli hücumlara keçirdi. Ancaq əsasən üstün tərəf "Qarabağ" idi ki, sonda da bir epizoddan yararlanıb qalib gəldilər.
- Belə çıxır ki, İsveçdəki qələbə sənin üçün gözlənilməz olmadı...
- Əlbəttə ki, nəticə bir o qədər gözlənilməz olmadı. Çünki oyundan əvvəl də, çox adam "Qarabağ"ın qələbəsinə inanırdı. Ona görə də, komandamızın “Hekken”lə matçdakı qələbəsini gözlənilməz saymıram. Yaxşı oynayıb, sonda qələbə qazandılar. Bundan əvvəlki qrup matçında da "Qarabağ"ın ifasında çox yaxşı futbol görmüşdük.
- Bu qələbə “Qarabağ”ın qrupdan çıxması üçün irəliyə atılmış addım oldu?
- Əlbəttə ki, belədir. Ümumiyyətlə, qrupdan çıxmaq üçün səfərdə qazanılacaq hər xal çox vacibdir. "Qarabağ"ın qrupdan çıxacağına çox inanıram. Onlar bunu öz oyunları ilə sübut edirlər.
- "Hekken"lə görüşün ən yaxşısı kim idi?
- “Qarabağ"ın hər bir oyunçusunu tərifləmək olar. Çünki hamı çox yaxşı oynadı, qələbə qazandılar. Amma önə çıxanlar Marko Yankoviç və Kevin Medina idi. Hər ikisi çox yaxşı oynadılar, çox etibarlı idilər. Amma belə, “Qarabağ”da hamı əla futbol nümayiş etdirdi.
- Matçdakı yeganə qolu Juninyo vurdu. Gəldiyi gündən ondan gözləntilər yüksəkdir. Səncə, qarşılığını verə bilir?
- Juninyodan tələb olunan əsas məsələ qol vurmasıdır. Oyunlar keçdikcə, daha yaxşı olacaq. Hücumçunun işi qol vurmaqdırsa, o da bunu edir. Amma komandanın yaratdığı 2-3 şansdan istifadə edə bilməməsini, sırf hücumçu ilə bağlamaq doğru deyil. Juninyo oyundan-oyuna artırır, vacib qollar vurur. Komandanın vacib üç xal qazanmasında önəmli fiqur oldu.
- "Qarabağ"ın qrupdan çıxacağına inanırsan? “Bayer”lə eyni xala malikdirlər...
- Hamımızın da istəyi “Qarabağ”ın qrupdan çıxmasıdır. Məncə, onlar bunu bacaracaqlar. Çünki nümayiş etdirilən oyun bunu deməyə əsas verir. “Bayer”lə görüşlər çətin keçəcək. Lakin “Qarabağ”a yenə də inanırıq.
Mirbağırağa