"Qarabağ" əla komanda olduğunu Avropaya göstərir, onlar avrokuboklarda hələ çox yol gedəcək"

14:53 - 6 Oktyabr 2023

"Qarabağ"ın formasını geyinmiş Ramal Hüseynov Sportal.az saytına açıqlama verib. Ağdam klubunun keçmiş futbolçusu komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirib: "Təbii ki, “Qarabağ”ın qalib gələcəyinə çox inanırdım. Onlar bunu nümayiş etdirdikləri effektli futbolla göstərmişdi. İnandığım kimi də, oldu. “Qarabağ” hazırda Avropaya səs salan komandadır. Həqiqətən də, əla futbol nümayiş etdirirlər. Qarşılarındakı rəqibin isə fərqi yoxdur. Bildikləri, istədikləri futbolu nümayiş etdirirlər. Şadam ki, “Qarabağ” qalib gəlməyi bacardı. Onları təbrik edirəm. "Qarabağ" “Hekken”dən çox üstün futbol oynadı. Bəli, çox qol epizodunu boşa verdilər. Onlar epizodlardan yararlana bilmirdi. “Qarabağ” saysız-hesabsız qol epizodu yaradır. Amma təəssüf ki, onları dəyərləndirmək alınmır. Məncə, əsas problemlərdən biri də budur. Yoxsa, komanda əla oynayır". 

O, "Qarabağ"ın qrupda uğurlu çıxışını davam etdirə biləcəyini söyləyib: "Əlbəttə ki, bu oyunla, qələbə ilə “Qarabağ”ın qrupdan çıxmaq şansı artdı. İnanəram ki, “Qarabağ” qrupda uğurlarını davam etdirəcək, istədiyi mövqeyə gələcək. “Qarabağ”ın qrupdan növbəti mərhələyə adlayacağına şübhə yoxdur. Əslində, “Qarabağ” kollektiv kimi əla oynadı. Amma “Hekken”lə görüşdə sizinlə razılaşıram, ən çox xoşuma gələn futbolçu Marko Yankoviç idi. Onun performansı möhtəşəm idi, komanda yoldaşları kimi əla çıxış etdi. Juninyo yavaş-yavaş özünə gəlir. O, özünü təsdiq edəcək. Əsas odur ki, “Qarabağ”da böyük mehribançılıq var, o da komandanın qələbəsində önəmli rol oynayır, Juninyoya da kömək edir. Təbii ki, ondan gözləntilər yüksəkdir. Məncə, bu gözləntiləri qarşılayacaq".

Hüseynov, Ağdam klubunun növbəti mərhələyə adlayacağına inandığını bildirib: "Qarabağ”ın qrupdan çıxacağına çox inanıram. Düşünmürəm ki, onun qrupdan çıxacağına şübhə edən qalsın. “Qarabağ” öz oyunu ilə qrupdan çıxacağına inam verir. Əminəm ki, ilk dəfə qrupdan çıxaraq sevinci bizə qismət edəcək. “Qarabağ” əla komanda olduğunu Avropaya göstərir. Onlar avrokuboklarda hələ çox yol gedəcək. Buna əminəm".

Xəbər xətti