"Qarabağ"da qalsaydı... QEYD

14:15 - 10 Oktyabr 2023

"Neftçi"nin derbidə belə rahat məğlubiyyəti gözlənilməz oldu. Əslində, Mutunun komandası heç bu matça qədər də baxımlı oyun göstərmirdi. Amma "Qarabağ"a qarşı oyunların prinsipiallığını və rəqibin çətin İsveç səfərindən qayıtdığını nəzərə alanda, "Neftçi"nin ən azı 1 xal qazanacağını ehtimal edənlər çox idi.

"Qarabağ"ın bir neçə aparıcı futbolçusunun ehtiyatda qalması belə "Neftçi"yə üstünlük qazandırmadı. Qurban Qurbanovun komandası optimal olmayan heyətlə də rahat qələbə əldə etdi. Artıq indidən görünür ki, bu "Neftçi" çempionluq mübarizəsində "Qarabağ"a əngəl olacaq səviyyədə deyil! 

Mutunun komandası "Qarabağ"la görüşdə komandiri döyüşdə həlak olan, başsız qalmış dəstəyə bənzəyirdi. Sanki hər kəs öz bildiyini edirdi. "Neftçi"nin xaotik oyun tərzi və yaranmış qarışıqlığın içində ümumiyyətlə gözə dəyməyənlər də var idi. Meydandakı mübarizədə itib-batanlar arasında olanlardan biri də Qara Qarayev idi. Mövsümün əvvəlində "Qarabağ"dan böyük ümidlərlə əks cəbhəyə gələn Qara Qarayev bu müddət ərzində "Neftçi"yə uyğunlaşa bilməyib. 

Qara Qarayevin "Qarabağ"ı tərk etməsinin əsas səbəbi daha çox oyun praktikası qazanmaq idi. Onun mövqeyində Yankoviç, Romao, Patrik Andrade və Riçard Almeyda kimi oyunçuların olduğunu və rəqabəti nəzərə alaraq, Qara getmək qərarı verdi. Bəlkə də verdiyi qərarda haqlı idi. Lakin bu gün onun "Neftçi"dəki performansını izləyəndə, "Qarabağ"da qalsaydı, bəlkə də daha yaxşı olardı fikirləri yaranır. 

"Qarabağ"ın Premyer Liqa matçlarında yerli futbolçu sarıdan korluq çəkdiyi görünür. Xüsusən, Şahruddinin gedişindən sonra meydan oyunçuları arasında 4 yerli futbolçunun start heyətdə yer alması müşkülə çevrilib. Ağdam klubunun optimal heyətində yerlilərdən cəmi 2 nəfər var - Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə.  Və ya mövqeyə görə götürsək, bir stoper və müdafiənin sol cinahı yerli futbolçulara əmanətdir. Premyer Liqada isə yerli futbolçu limitini düzəltmək üçün daha iki mövqe bizimkilərə tapşırılmalıdır. 

Qara Qarayev "Qarabağ"da qalsaydı, ən azı çempionat matçlarında əsas heyət üzvü kimi daim oyun praktikası qazanacaqdı, uzun illərdir çıxış etdiyi komandada indikindən daha yaxşı performans sərgiləyəcəkdi. 

"Qarabağ"da qalsaydı...

Həmid

Xəbər xətti