Yığmamızın kapitanı: "Serbiyalı futbolçuların qiymətlərinə baxmaq kifayətdir, bizdə isə uşaqlar divizionda, əvəzedicilərdə oynayır"

11:17 - 12 Oktyabr 2023

21 yaşlılardan ibarət yığma komandamızın kapitanı Fərid Yusifli Sportal.az saytına müsahibə verib. O, yığmamızın bu gün AVRO-2025-in seçmə mərhələ çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi görüş haqda fikirlərini bildirib.

- Yığma bu gün Şimali İrlandiya önünə çıxacaq. Matçöncəsi sizi narahat edən hansısa məqam var, yoxsa ancaq pozitiv düşüncədəsiz?

- Kollektivdə hər şey qaydasındadır. Narahat edən heç nə yoxdur. Komandamızda yaxşı uşaqlar var. Şükür hamımız pozitivik. Yaxşı olacağını düşünürük.

- Şimali İrlandiya yığması ilə bağlı hansı məlumata sahibsən? Səncə, Bakıda onları məğlub edə biləcəksiz?

- Hər zaman rəqiblərlə bağlı analizlərimiz olur. Şimali İrlandiya ilə bağlı da yetərincə məlumata sahibik. Rəqibin zəif, özümüzün isə üstün cəhətlərindən yararlanmağa çalışacağıq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.

- Matçın hər zaman adət etdiyimiz kimi “Dalğa Arena"da deyil, “Azərsun Arena"da keçirilməsinin necə, hər hansı təsiri var, yoxsa necə?

- Xeyr, heç bir problem yoxdur. “Azərsun Arena” əla stadiondur. Bizə düşən sadəcə mübarizə aparıb qələbə qazanmaq olacaq. Stadionun fərqi yoxdur. 

- Belqradda Serbiyaya məğlubiyyətdən sonra komandada inamsızlıq hökm sürür? Çünki ilk oyunda komanda gözləntiləri verə bilməmişdi...

- Serbiya yığması hamının bildiyi kimi dünya səviyyəli yığmadır. Arada böyük fərq var idi. Heç nə demirəm, sadəcə serbiyalı oyunçuların qiymətlərinə baxmaq kifayətdir. Hələ oynadıqları liqaları demirəm. Bununla belə, onlara qarşı daha yaxşı oynayıb, daha yaxşı nəticə qazana bilərdik. Sadəcə, fərdi hazırlığımız buna imkan vermədi.

- Yığmanın qrupdakı rəqibləri heç də asan komandalar deyil. Səncə, Azərbaycan yığmasının bu qrupdan çıxmaq, üst pillələrdə yer almaq şansı var?

- Şans həmişə olur. Hər zaman ümidimiz də var. Bu istək uğrunda çalışırıq. Hər şeyin daha yaxşı olacağına inanırıq. Meydana çıxdığımız matçlarda sona qədər mübarizə aparacağıq.

- U-21 yığmasının üzvlərinə baxanda, görünür ki, əksər oyunçular öz klublarında ümumiyyətlə Premyer Liqada oynamır, matç təcrübəsi çatışmır. Bu, yığmanın nəticələrinə səncə nə dərəcədə təsir edir?

- Əlbəttə ki, təsir göstərir. Rəqib millilərin oyunçuları hansı klubların üzvləridir, daha çox oyun dəqiqəsi alır. Bizdə isə uşaqlar əvəzedicilərdə, divizionda oynayırlar. Məsələn, mən özüm belə, əvəzedici heyətdə oynayıb gəlmişəm yığmanın düşərgəsinə.

-  Sən özün də "Neftçi"də tez-tez oynamırsan, amma perspektivli futbolçulardan hesab edilirisən. Daha çox meydanda olmaq üçün hansısa kluba icarəyə getməyi planlaşdırırsan, yoxsa qalıb "Neftçi"də əsas heyət uğrunda mübarizə aparmağı seçirsən?

- Bu haqda nəsə demək istəmirəm. Necə olacağını hamımız qışda görəcəyik. Xeyirlisi olsun.

- Son olaraq, Şimali İrlandiya görüşündən sonra Lüksemburqla matç gəlir. İki oyundan neçə xal sizi razıs alacaq?

- Fikrimiz yalnız altı xal qazanmaqdır. Bildiyiniz kimi, ilk oyunda uduzmuşduq. Şimali İrlandiya və Lüksemburqla matçda əlimizdən gələni edəcəyik ki, maksimum xal götürək. Buna gücümüz çatar.

Mirbağırağa
 

Xəbər xətti