Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində sabah Estoniya yığmasının qonağı olacaq.
Sportal.az xəbər verir ki, millinin sabiq futbolçusu Əfran İsmayılov "Futbolpress"ə açıqlamasında oyundan gözləntilərini bölüşüb:
"Qrupda sonuncu yerdəyik, Estoniya ilə birlikdə 1 xalımız var. Ona görə bu oyunda qələbə qazanıb, ən azı qrupdakı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Dişimizə uyğun rəqiblərdi. Estoniyanı səfərdə, Avstriyanı evdə məğlub etməliyik. Xal və xallar qazanmalıyıq. Bunu futbolçularda başa düşür, De Byazidə. Belçika ilə oyun ümid verdi. Əsas problem millinin qeyri-stabil çıxış etməsidir. Lakin qarşıdakı iki oyundan ən azı 4 xal götürülməlidir. Əvvəllər danışırdılar ki, millidə legioner həyatı yaşayan futbolçu yoxdur, Avropa təcrübəsi azdır. İndi bir çox oyunçumuz legioner həyatı yaşayır və hər bir öz komandalarında əsas heyət oyunçusudur. Amma yenə də nəticə yoxdur".
İsmayılov millidəki əsas problemlərdən də söz açıb: "Görünür ki, milli komandada lider yoxdur. De Byazi oyunçuları bir yerə yığa bilmir, sanki qruplaşmalar var. Onlar düşünmür ki, birlikdə oynayıb nəticə vermək lazımdır. Yerli məşqçi təyin olunsa, daha yaxşı olar. Çünki onlar bizim mentaliteti daha yaxşı bilir, futbolçuları bir yerə yığa bilər. Düzdür, azərbaycanlı məşqçi gəlib nəticə vermə bilməsə deyəcəklər ki, yerli məşqçi yaxşı deyil, nəticə vermədi. Ona görə də bu, qısa müddətdə veriləcək qərar olmamalıdır. Ən azından futbolçuları ovcunun içi kimi tanıyan, çempionatı daim izləyən biri milliyə təyin olunmalıdır. Bizə ancaq bu amillər kömək olar".
Estoniya - Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək və matça 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi