10 il əvvəlki Estoniya - Azərbaycan matçından bu günə millidə kimlər qalıb? - FOTOLAR

11:34 - 13 Oktyabr 2023

Azərbaycan milli komandası bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşünə çıxacaq. Yığmamızın rəqibi Estoniyadır. İndiyə qədər milli estonlarla 9 dəfə üz-üzə gəlib. Seçmə mərhələ çərçivəsində isə komandalar Tallində ilk dəfə qarşılaşacaq. Buna qədər isə iki komanda Estoniya paytaxtında bir dəfə gücünü sınayıb. O da, elə bu ölkədə millimizin son oyunudur. Həmin qarşılaşma 2013-cü il noyabrın 15-nə təsadüf edir. 

Millimiz həmin vaxtı DÇ-2014-ün seçmə mərhələsində mübarizə aparırdı. Berti Foqtsun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiya üzərində (2:0) qələbə və Rusiya ilə Bakıdakı bərabərlikdən bir ay sonra Estoniya ilə yoldaşlıq görüşünə çıxmışdı. Ancaq Tallindəki matç milli üçün yaxşı alınmamışdı. Maraqlıdır, həmin vaxtdan bu yana Estoniya və Azərbaycan millisində karyerasını davam etdirənlər qalıb? 

Sportal.az saytının qısa araşdırması nəticəsində məlum olub ki, 2013-cü ildəki görüşdə meydana çıxanlardan indiyə qədər milliyə dəvət edilənlər var. Amma bu yalnız Estoniya yığmasına aiddir. 

Estoniya millisi

10 il əvvəl Azərbaycana qarşı oynamış estonlardan hazırda da milliyə dəvət edilənlər az deyil. Estoniya futbolunun əfsanələrindən sayılan Konstantin Vasilyev indi də yığmasının aparıcı üzvüdür, həmçinin kapitan sarğısını daşıyır.

Sergey Zenyov

Azərbaycanlı futbolsevərlərə "Qəbələ"dəki çıxışı ilə yaxşı tanış olan Zenyov da hazırda millinin təcrübəli oyunçularındandır. O, 10 il əvvəlki matçda millimizin qapısına iki qoldan birinin müəllifi olmuşdu. "Qəbələ"nin sabiq futbolçusu indi ölkəsində "Flora"nın formasını geyinir.

2013-cü ildə millimizə qarşı meydana çıxmış və indi də yığmaya dəvət alan digər oyunçular isə Henri Anier, Ken Kallaste, Henrik Ojamaa və Taijo Tenistedir. Adıçəkilən futbolçuların bu gün də Azərbaycan millisinə qarşı meydana çıxacağı ehtimal edilir.

Azərbaycan millisi

Noyabrın 15-də Estoniyaya qarşı meydana çıxan futbolçulardan heç biri hazırda milli komandada oynamır. Həmin qarşılaşmada millmizin formasını geyinmiş futbolçular arasında karyerasını başa vuranlar da az deyil. 

Start heyətində yer almış Anar Nəzirov, Bədavi Hüseynov, Maksim Medvedev, Ruslan Abışov və Rüfət Dadaşov hazırda aktiv futbolçu karyerasını davam etdirir. Onların sırasına sonradan meydana çıxmış Ufuk Budakla Cihan Özkaranı da əlavə etmək olar. Bir vaxtlar yığmanın aparıcı üzvləri sayılan və estonlara qarşı oynamış Elnur Allahverdiyev, Mahir Şükürov, Rahid Əmirquliyev, Rauf Əliyev, Vaqif Cavadov, Rasim Ramaldanov isə karyeralarını başa vurub. Onlar sırasında məşqçiliklə məşğul olanlar da var, özünü başqa sahədə sınayanlar da.


Mirbağırağa

Xəbər xətti