Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi bu gün Estoniya önünə çıxacaq. Matçla bağlı nə düşünürsən?
- Azərbaycan millisinə uğurlar arzu edirəm. Doğrudur, millinin qrupdakı durumu o qədər də yaxşı deyil. Amma biz hər oyuna pozitiv çıxmalıyıq. Söhbət milli oyundan gedirsə, hər zaman belə olmalıdır. Nə olubsa, onlar geridə qaldı. Uşaqlar özlərinə inanmalıdır. Tallində uğurlu nəticə qazanacaqlarına çox inanıram.
- Milli komandaya cəlb edilən futbolçularımız haqda nə düşünürsüz?
- Millidəki futbolçular yaxşı liqalarda, yaxşı klublarda oynayır. Özü də, çoxu gəncdir. Millidə yer alan indiki futbolçularla uğurlu nəticələr qazanmaq mümkündür. Doğrudur, futbolçularımız Almaniya Bundesliqasında, İtaliya A seriyasında, İngiltərə Premyer Liqasında oynasa, daha yaxşı idi. O zaman millimiz daha güclü olardı. Lakin indi də futbolçularımız "Qarabağ" kimi Avropada stabil çıxış edən klubda, "Dinamo"(Zaqreb) və Türkiyə Superliqasındakı klublarda oynayırlar. Millidə uğurlu nəticə vermələri üçün yaxşıdır.
- Səncə, bu milli ilə uğurlu nəticə qazanmaq mümkündür?
- Bu haqda konkret nəsə deyə bilmərəm. Çünki hər dövrün öz güclü millisi, öz güclü futbolçuları var idi. Bizim vaxtımızda da millidə çox yaxşı futbolçular oynayırdı. Konkret olaraq, sırf bu milli dövrün ən yaxşısı idi demək çətindir. Doğru da çıxmaz.
- Azərbaycan millisi Bakıda estonlara qalib gələ bilmədi. Düşünürsən ki, Tallində qələbə qazanacağıq?
- Bakıdakı matçı yaxşı xatırlayıram. İlk yarıda milli zəif oynamışdı. Amma fasilədən sonra yaxşı oynayaraq xal qazanmışdılar. Hətta üç xal da qazanmaq imkanımız var idi. Hər halda, bu görüş arxada qalıb, qarşıda bizi cavab matçı gözləyir. Məncə, millimiz bu gün Estoniyaya qarşı daha yaxşı oynayacaq və qalib gələcək.
- Estoniya ilə matçdan üç gündən sonra isə Avstriya önünə çıxacaq. Səncə, iki oyuna neçə xal toplamaq realdır?
- Hər şey mümkündür. Azərbaycan millisi Estoniya və Avstriyaya qarşı layiqli mübarizə aparıb, xallar qazana biləcək gücdədir. Doğrudur, Avstriya millisi daha güclüdür, heyətində səviyyəli futbolçular daha çoxdur. Amma bizim milli də yaxşıdır. Ona görə inanmaq lazımdır.
- Azərbaycan və Estoniya milliləri bir xalla sonuncu pilləni bölüşür. Bizdən üst pillədə yer alan İsveçin isə 6 xalı var. Qrupda sonuncu pillədə qərarlaşmaq təhlükəsi hələ də qalıb...
- Millimizin qrupu hansı pillədə başa vuracağına proqnoz vermək çətindir. Sadəcə millimizə inanmaq lazımdır. Çünki millimizdə yaxşı futbolçular oynayır. Lakin yığmamızın qalib gələ bilməməsinin səbəbini bilmirəm. Halbuki, millidə yaxşı, səviyyəli oyunçular oynayır. Azərbaycan yığması axırıncı turdan sonra yaxşı yerlərdə də ola bilər. Lakin qəbul etmək lazımdır ki, qarşıda Avstriya, Belçika və İsveçə qarşı ağır oyunlar gözləyir. Allah qoysa, hər şey yaxşı olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi