Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib. O, yığma komandamızın AVRO-2024-ün seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
- Azərbaycan millisi son oyunda Estoniya üzərində qələbə qazandı. Millinin Tallində qələbə qazanacağını ehtimal edirdin?
- İlk növbədə millimizi qələbə münasibətilə təbrik edirəm. Ümid edək ki, axırıncı qələbə olmaZ. Son nəticələr bizə ümid verməsə də, millinin Tallində qələbə qazanacağını gözləyirdim. Ancaq bu oyun artıq geridə qaldı. Bu tsikldə millidə istək və əzmkarlıq gördüm. Əvvəl bu niyə yox idi, bilmirəm. Yəqin, millinin üzvləri başa düşdülər ki, bu dəfə də qalib gəlməsələr biabırçılıq olacaq. Çünki estonları məğlub etmək mütləq idi.
- Bakıda milli estonlarla bərabərə qalmışdı. Ancaq bu dəfə qalib gəldi. İki oyun arasında hansı fərqi gördün?
- Bakıdakı oyuna uşaqlar çox rahat çıxmışdılar. Məncə, bizimkilər estonlarlı lazımı dərəcədə qiymətləndirmədilər. Yəqin, düşünürdülər ki, rahat 2-3 qol vurub üç xalı qazanacaqlar. Oyuna həvəssiz çıxmışdılar. Buna görə də həm oyun bərbad alındı, nəticə də belə olmuşdu.
- Tallindəki matçda millimizin heyətində daha çox hansı futbolçunu bəyəndin?
- Kimisə fərqləndirmək istəmirəm. Əvvəlki oyunlara baxanda, hamısı əvvəlkindən ikiqat yaxşı oynadı. Müdafiədə etibarlı, hücumda isə faydalı olduq. Xətlər arası əlaqələr yaxşı idi. Üstəlik, fərdi səhvlər nisbətən az oldu.
- Çoxları deyir ki, baş məşqçi Canni De Byazinin işi gözə çarpmır. Estoniyadakı matçda baş məşqçinin hesabına qalib gəldik, yoxsa futbolçular fərdi keyfiyyət hesabına qələbə qazandı?
- Deyək ki, millimiz hazır maşındır, sadəcə benzini töküb sürmək lazımdır, xeyr. Təbii ki, belə deyil. Canni De Byazini də tərifləmək fikrim yoxdur. Amma "məşqçi işi görünmür" fikirlərini səsləndirənlərlə də razı deyiləm. Ən azından biz son matçda meydanda əsl komanda gördük. Xətlər arası əlaqə yaxşı idi, müdafiədən hücuma çox yaxşı və sürətli çıxırdıq. Yaxşı da müdafiə olunduq. Bəlkə, elə bu oyunda biz nəhayət ki, De Byazinin komandadan nə istədiyini gördük? Bir futbolçumuz rəqib komandanın yarısını aldadıb qol vursaydı, oyun bərbad görünsəydi, deyərdik ki, uşaqlar fərdi keyfiyyət hesabına qalib gəldilər. Estonlara qarşı ideal yox, amma yaxşı milli gördüm. Komandanın meydanda nə etdiyini anlayırdım, əvvəlki matçlarda bu yox idi.
- Səncə, bu, qrupdakı sonuncu qələbə olmayacaqki?
- Ümid edək ki, son qələbəmiz olmasın. Çox istəyirdim ki, millimiz qələbələri sıralasın. Yığma komandamıza uğurlar arzu edirəm.
- Canni De Byazi matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, “siz qələbəyə sevinə bilmirsiniz”. Onun səsləndirdiyi fikirlərlə razısan?
- Millimiz qələbə qazandı, uşaqlar əziyyət çəkdi. Haqlarını vermək lazımdır. Allah qoysa, davamı gəlsin. Ancaq Canni De Byazi ilə razılaşmıram. Biz hər gün inkişafdan danışırıq və əgər biz yüksək yerlər uğrunda mübarizə aparmayıb, sonuncu yeri tutmamaq üçün bir oyun uduruqsa, onda bu inkişaf deyil. Bütün azarkeşlər istəyir ki, millimiz yüksək yerlər üçün mübarizə aparsın. Rəqibimiz Estoniya, San-Marino və Belarus olanda inkişafdan danışırıq. Onda belə komandalara qarşı matçlarda millimiz rahat nəticə əldə etməlidir. Görünür ki, futbolumuz hələ inkişafdan çox uzaqdır. Ona görə Estoniya kimi millilər üzərində qələbələrə çox sevinirik, axırıncı olmamaq üçün vuruşuruq. Şəxsən mənim üçün 5 və ya 6-cı yer arasında seçim olsa, fərqi yoxdur. Mən millimizi azından “dördlük”də görmək istəyirəm. Onda inkişafdan danışacağıq, hamımız birlikdə sevinəcəyik.
- Tsiklin sonunda Canni De Byazi millidən getməlidir. Estoniya üzərində qələbə onu postunda saxlayacaq?
- Canni De Byazi Estoniya kimi komandaları məğlub etmək üçün bura gətirilibsə, onda yəqin ki, postunda qalacaq. Mən isə bir şərtlə onun burada qalmasına müsbət baxacam: Avstriya və İsveçi Bakıda məğlub etsələr.
- Millimiz sabah Avstriya önünə çıxacaq. Vaxtı ilə onlarla Bakıda bərabərə də qalmışıq, məğlub də olmuşuq. Səncə, bu dəfə hansı nəticə qeydə alınacaq?
- Millidən ən azından Estoniyaya qarşı oynadığı oyunu gözləyirəm: aqressivlik, istək, əzmkarlıq və birlik. Həm də, millinin azarkeşlər üçün oynamasını, qələbə qazanmasını gözləyirəm. Ümidvaram ki, bu dəfə yaxşı olacaq.
- Vaxtı ilə Bakıda Avstriyaya qarşı matçda oynamışdın. “Dalğa Arena”da keçirdiyiniz və 1:4 hesabı ilə uduzduğunuz görüşün ilk dəqiqələrində qırmızı vərəqə ilə cəzalandırılmışdın. Həmin oyunu necə xatırlayırsan?
- Həmin görüşü çox yaxşı xatırlayıram. Matça yaxşı başlamışdıq. Hesab 0:0 idi və təsadüfən bir anlıq epzodda sonuncu ümid fouluna görə qırmızı aldım. Sonda bu oyunda uduzduq. Avstriya ilə matçdan sonra Berti Foqts məni cərimələmişdi. Millidəki sonuncu matçım oldu.
Mirbağırağa
saytlarin hazirlanmasi