"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Bavariya"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 51 yaşlı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib:
"Burada olduğumuza görə həm həyəcanlı, həm də qürurluyuq. "Qalatasaray"ın bu turnirdə olması çox dəyərlidir. Qrupdan çıxmaq istəyirik. Türk komandaları 5 dəfə qrupdan çıxıblar, bunu 3-ü "Qalatasaray"a aiddir. Bunu davam etdirmək istəyirik.
Rəqibin hücumdakı oyunçuları çox sürətlidir. Qapımıza tez gələ bilirlər. Futbolçularıma güvənirəm. Burada türk azarkeşlər də olacaq. Onların dəstəyi ilə ilk matçda olduğu kimi yaxşı futbol oynayıb, sərfəli nəticə əldə etmək istəyirik. Dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq. İlk görüşdə meydanda çox yaxşı "Qalatasaray" var idi. Sadəcə epizodları dəyərləndirə bilmədik. Ümid edirəm sabah da eyni performansı göstərəcəyik.
Gözləntimiz matçdan qələbə ilə ayrılmaqdır. Bir çox səfər oyunlarında qalib gəlmişik. Planımız hazırdır, rəqibi təhlil etmişik. Düzgün oynamağa çalışacağıq. Planımız epizodlar yaratmaq və bunları qola çevirməkdir. "Bavariya"nın gücünü bilirik. Buna görə də müdafiədə daha diqqətli olmalıyıq".
Qeyd edək ki, "Bavariya" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq.
saytlarin hazirlanmasi