Üç gün öncə Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qol U-15" beynəlxalq futbol turnirinə yekun vurulub. "Zirə" (U-16) finalda Belarusun “U-15 Akademiya” kollektivinə 1:3 uduzub. Ardıcıl ikinci ildir ki, finala çıxmağı bacaran "Zirə" ötən mövsüm də Qırğızıstanın “İlbis” klubuna uduzmuşdu. Amma adıçəkilən komanda təmsilçilərimiz arasında ən yaxşı göstəricilərə malikdir. Artıq uzun müddətdir ki, Seymur Şəbiyevin rəhbərlik etdiyi kollektivin gələcəyinə böyük ümidlər bəslənilir. Sportal.az saytına müsahibə verən qəsəbə təmsilçisinin çalışdırıcısı həm turnir haqda danışıb, həm də futbolçularının perspektivindən söhbət açıb.
- Artıq ikinci ildir ki, "Qol U-15" beynəlxalq turnirdə finalda oynayırsız. Bu dəfə Belarusun "U-15 Akademiya" təmsilçisinə uduzdunuz. Matç sizin üçün necə alındı və uşaqlar rəqibə nədə uduzdu?
- Əvvəla bizi diqqətdə saxladığınız üçün sizə təşəkkür edirəm. Əlbəttə ki, ardıcıl iki beynəlxalq turnirdə də finala çıxmaq təqdirəlayiq haldır. Finalın çox çətin keçəcəyini bilirdik. Güclü rəqibə qarşı çıxış edirdik. Belarus təmsilçisi final oyununa qədər qapısından top buraxmamışdı. Oyuna gəlincə, onu deyə bilərəm ki, start fitindən sonra komanda bir qədər həyəcanlı idi. Görşün əvvəlində hesabda geri düşsək də, buna dərhal reaksiya verdik və rəqibə bir ilk yaşadaraq hesabı bərabərləşdirdik. İlk hissədə bərabərlik qolundan sonra müəyyən qədər oyun üstünlüyünü də ələ almağı bacardıq. İkinci hissədə erkən qol buraxmağımız bir qədər oyunumuza mənfi təsir göstərdi. Dəqiqələr irəlilədikcə, fiziki güc baxımından da rəqibdən geri qaldıq. Buna əsas səbəb də finala qədər 7 gün ərzində 4 oyuna çıxmağımız idi. Nəzərə alaq ki, rəqibin bu səviyyədə çox qısa müddət ərzində ardıcıl oyun oynamaq təcrübəsi bizdən daha çoxdur. Düşünürəm ki, hesab oyuna görə olmadı. Finalda məğlub olsaq da, məncə uşaqlar gələcək adına çox şey qazandılar. Oyundan sonra azarkeşlərimizin komandanı tribunaya səsləməsi və onlara dəstək olması möhtəşəm idi. Yeri gəlmişkən tribunada bizə dəstək olan hər kəsə, həmçinin turnir boyu yanımızda olan, bizi dəstəkləyən klub rəhbərliyinə də təşəkkür edirik.
- Ümumi turnirdə razı və narazı qaldığınız məqamlar hansı oldu?
- Turnir ümumilikdə çox yaxşı təşkil edilmişdi. Bu, artıq il ərzində keçirilən ikinci beynəlxalq turnir idi ki, təcrübə baxımından bütün komandalarımıza faydalı oldu. Düşünürəm ki, bu cür turnirlərin keçirilməsi uşaqlarımızın gələcək inkişafı üçün də təqdirəlayiqdir. Sizin vasitəçiliyinizlə də bu turnirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm.
- İki turnirdə ən azından üç xarici komanda ilə oynamısız – “İlbis”, “Paxtakor” və “U-15 Akademiya”. Bizim futbolçuların onlardan nədə geri qalır və ya hansı komponentlərdə üstələyirlər?
- Əlbəttə ki, bu tip rəqiblərə qarşı mübarizə aparmaq üçün öncəliklə fiziki gücümüz çox, komanda şəklində də hazırlıqlı olmalıyıq. Bunlar isə bir günün və ya bir həftənin içində həll olan məsələ deyil. Komandalarımız ilboyu bu səviyyədə daha çox oyun keçirməli və belə turnirlərdə daha çox iştirak etməlidir. Ümumilikdə müqayisə etsək rəqib futboçuların fiziki görkəmləri və ümumi bədən gücü açıq şəkildə bizdən üstündür. Ancaq texniki keyfiyyət baxımından mən deyərdim ki, bizim futbolçularımız onlardan geri qalmır.
- Adını çəkdiyimiz klublardan hansısa sizi növbəti illərdə turnir üçün Özbəkistana, Belarusa və ya Qırğızıstana dəvət edib?
- Bu barədə hələ ki, heç bir təklif almamışıq. Ancaq xaricdə təşkil olunacaq turnirlərdə iştirak etmək futboçularımıza çox böyük təkan olardı. Bayaq da qeyd etdiyim ki, bu səviyyədə nə qədər çox oyun oynasaq, inkişafımız da bir o qədər sürətli olar.
- Artıq neçə ildir ki, “Zirə”nin aşağı yaş qrupları arasında sizin kollektivin gələcəyinə böyük ümidlər bəslənilir. Sizcə, bu komandanın üzvlərini yaxın illərdə yığma komandalarımızda, “Zirə”nin və ya Premyer Liqanın digər klublarının əsas heyətində görəcəyik?
- Klubumuzun gələcək adına önəmli yaş qruplarından biri olaraq göstərilməyimiz bizim üçün çox qürurverici, həm də bir o qədər məsuliyyətlidir. Məşqçi kimi mən də öz üzərimdə daha çox işləməli, daha çox çalışmalıyam ki, öz futbolçularıma düzgün inkişaf istiqamətləri müəyyənləşdirə bilim. Hazırda U-16 milli komandamızda olan futbolçularımız, həmçinin orada çıxış edə biləcək potensialda olan bir neçə futbolçumuz var və onlar mütəmadi olaraq əvəzedici heyətlə məşqlərə qoşulur. Klub rəhbərliyinin də gənc futbolçuların inkişafında maraqlı olması onların hər biri üçün çox böyük şansdır. Bu şansdan da düzgün şəkildə istifadə etmək lazımdır. Düşünürəm ki, onlar düzgün həyat tərzi seçməklə, güclü iradə və xarakter göstərməklə öz istedadlarından maksimum istifadə edərək qarşıya qoyulan hədəflərə çatmalıdırlar. İnanıram ki, yaxın gələcəkdə həm Azərbaycan milli komandasında, həm də “Zirə”nin əsas komandasında hazırkı komandadan adlar görə biləcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi