"Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 17-ci turunun “Sabah”la(2:0) görüşündə fantastik qol vuran müdafiəçi komandasının ölkə çempionatındakı çıxışını dəyərləndirib. Bununla yanaşı, ölkə kubokunda komandasının məqsədindən söz açıb.
- Premyer Liqanın 17-ci turunun "Sabah"la matçında qələbə qazandınız. Həmin komanda son turda “Səbail” üzərində inamlı qələbə qazanmışdı. Necə oldu ki, qalib gəldiz?
- Oyun bizim istədiyimiz kimi keçdi. Nə tapşırılmışdısa, ilk dəqiqələrdən yerinə yetirməyə çalışdıq. Qol epizodlarımız çox idi. Məncə, daha böyük hesab ola bilərdi. Ancaq 2:0 da yaxşı nəticədir. Bundan əvvəlki oyunlarda da yaxşı nəticə göstərə bilərdik. Haqqımız idi. Qismət “Sabah”la oyuna imiş. Bu oyunda alındı. Onsuzda, liqamızda asan oyun yoxdur.
- Ötən turlarda komandada eniş hiss edilirdi. “Sabah”la matçdakı qələbə növbəti oyunlar üçün sizə yaxşı motivasiya verəcək?
- Heç bir oyuna motivasiyasız çıxmırıq. Uduzduğumuz oyunlar da belə idi. “Sumqayıt”la matçda aşağı səviyyədə oynamışdıq. Oyunumuz alınmadı. “Kəpəz”lə görüşdə isə qol epizodlarımız çox oldu. Onları vursaydıq, heç belə nəticə olmazdı. Son turda da ən yaxşısını edəcəyik. “Turan Tovuz” səfəri çətindir. Amma çalışacağıq ki, qalib gələk.
- Komanda bu gün "İrəvan"la qarşılaşacaq. Bu oyun haqda nə düşünürsən?
- İstənilən oyuna iddialı çıxırıq. Hər bir rəqibə də hörmətlə yanaşırıq. "İrəvan" da liqanın yaxşı komandalarındandır. Çalışacağıq ki, bu görüşdə istədiyimiz nəticəni qazanaq.
- "Sabah”la bu mövsüm iki dəfə oynamısız və heç birində uduzmamısınız...
- Biz güclü deyilən kimlər varsa, heç birindən zəif oynamamışıq.
- Yusif İmanovun qoruduğu qapıya vurduğun qolu necə şərh edərdin?
- Əslində, fikrim asma etmək idi. Amma Azər Bağırov dedi ki, qapıya vur. Özümə inanaraq vurdum. Bilirdim ki, bu oyunda qol vuracam. İlk cərimə zərbəsində də top qapıya gedirdi. Sadəcə müdafiəçi buna imkan verməmişdi.
- Premyer Liqada dekabrın ən yaxşı qolu adına iddialısan?
- Hələ bir tur var. Hər şey sonra turdan asılıdır. Bəlkə də, məndən yaxşı qol vuran oldu. Amma vurduğum qola görə iddialıyam. Allah qoysa, seçərlər. Seçməsələr də, əsas odur ki, komandamın "Sabah"la matçdakı qələbəsində pay sahibi oldum.
- Cərimə zərbələri üzərində işləyirsən?
- Əvvəllər də vururdum, amma o vaxtı yaxşı alınmırdı. Deyim ki, cərimə zərbələri üzərində məşq edirəm, xeyr. Sadəcə oyunda özümə inanıram və bilirəm ki, vursam qol olar və belə də alınır.
- Avrokuboklara iddianız var?
- Hər turda maksimum nəticə göstərsək, niyə də olmasın? Çempionat uzundur. Fikrimcə, avrokuboklara yollana bilərik. Hər oyuna da bu fikirlə çıxıram.
Mirbağırağa
saytlarin hazirlanmasi