"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib. "Gənclik şəhəri" təmsilçisinin üzvü komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Karvan"la görüşündə qalib gələrək növbəti mərhələyə adlaması haqda danışıb.
- "Sumqayıt" "Karvan"la matçda qələbə qazanaraq ölkə kubokunda növbəti mərhələyə vəsiqə qazandı. Birinci liqa klubuna qarşı oyun gözlədiyiniz səviyyədə keçdi, yoxsa daha çətin və ya daha zəif oyun olacağını gözləyirdiz?
- "Karvan" yaxşı komandadır. Əslində, bu komanda haqda bir az məlumatımız var idi. Yaxşı futbol oynamağa çalışırlar və onlarda alınır. Oyun normal keçdi. Qol epizodlarımızdan tez istifadə etsəydik, daha rahat alınardı. Ancaq yenə də oyun nəzarətimizdə idi. Layiqli qələbə qazandığımızı düşünürəm. "Karvan"a isə yaxşı komanda olduğu üçün alqış düşür.
- Ümumiyyətlə, bu mərhələdə Premyer Liqa klubları birinci liqa təmsilçilərinə o qədər də çox çətinlik yaratmadı. Yalnız nisbətən "Qəbələ" "İmişli" ilə görüşdə az çətinlik çəkmədi. Ümumiyyətlə, birinci liqanın səviyyəsinin Premyer Liqadan çox aşağı olduğu hiss edilir?
- "Karvan"ı bəyəndim. Düzdü, ikinci liqa və birinci liqa klubları arasında fərq var. Bu da hiss edilir. Ancaq bu bütün ölkədə liqalar belədir. İnanıram ki, birinci liqa klubları gələcəkdə daha da yaxşılaşacaq.
- Əvvəllər ölkə kubokun qalibi Konfrans Liqasına yollanırdısa, artıq çempion komanda Avropa Liqasına vəsiqə qazanacaq. Bu, sizin kuboku qazanmaq istəyinizi, kubokdakı motivasiyanızı nə dərəcədə artırıb?
- Əlbəttə, istəyirik ki, kubokda maksimum dərəcədə irəliləyək. Həm tituldur, həm də Avropa Liqasına vəsiqə qazanmaq bizim üçün böyük uğur olardı. Ona görə də çalışacağıq ki, şansımızdan maksimum istifadə edək.
- 1/4 finalda rəqibiniz "Neftçi" ola bilər. Hər halda, bu komandanın birinci divizion təmsilçisi "Qaradağ Lökbatan" qarşısında əziyyət çəkməyəcəyini də ehtimal edirsən?
- Futbolda hər şey ola bilər. Rəqib kim olursa-olsun bizim məqsədimiz növbəti mərhələyə adlamaqdrı. Ona görə də, bizə qalan qarşımızdakı rəqiblə matça ciddi hazırlaşmaqdır.
- Bu il son matçınızı ölkə çempionatında "Səbail"ə qarşı keçirəcəksiz. Yəqin ki, ili uğurlu nəticə ilə başa vurmaq üçün onları məğlub etməyə çalışacaqsız? Səncə, bu sizdə alınacaq?
- İli qələbə ilə başa vurmaq istəyirik. Evdə oynayacağıq. Azarkeşlərimizi də sevindirmək istəyirik. "Səbail" bu mövsüm çox yaxşı çıxış edir. İlk dövrədə onları məğlub etsək də, hesab bizi aldatmamalıdır. Onlar bizim üçün ciddi rəqibdir. Turnir cədvəlində bizdən yuxarıda qərarlaşıblar. Ona görə oyuna hazırlaşırıq. Çətin oyundur. Ümid edirəm ki, üç xal bizim olacaq.
Mirbağırağa