Fatih Terim Türkiyədən tanıdığı futbolçuları "Panatinaikos"a dəvət etdi

14:17 - 30 Dekabr 2023

"Panatinaikos"a yeni baş məşqçi təyin edilmiş Fatih Terim komandanı Türkiyədən tanıdığı futbolçularla gücləndirmək istəyir.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Terimin sərəncamında görmək istədiyi futbolçulardan biri vaxtı ilə "Qalatasaray"da rəhbərliyi altında oynamış Yunes Belhandadır. "Panatinaikos"un transfer edəcəyi gözlənilən digər futbolçu isə Anastasios Bakasetasdır. Yunanıstanlı yarımmüdafiəçinin “Trabzonspor”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatırsa, Belhanda artıq “Adana Demirspor”la yollarını ayırıb. Terimin şəxsən hər iki futbolçunu yeni komandasına dəvət etdiyi bildirilir.

"Panatinaikos" 15 turdan sonra 34 xalla ikincidir. PAOK isə 35 xalla liderdir.

Bu arada, "Panatinaikos" artıq heyətini yeni futbolçu ilə gücləndirib. Belə ki, Afina təmsilçisi Yunanıstan millisinin üzvü Dimitrios Limniosu heyətinə qatıb. 25 yaşlı vinger “Atromitos”, PAOK, “Köln” və “Tvente”də oynayıb.

Xəbər xətti