"Xəzər Lənkəran"ın Premyer Liqada yeri görünür, əksini deyənlər futboldan uzaq adamlardır" - MÜSAHİBƏ

14:43 - 2 Yanvar 2024

"Kəpəz"in futbolçusu, "Xəzər Lənkəran"ın yetirməsi Elnur Cəfərov Sportal.az saytına müsahibə verib.

- "Kəpəz" mövsümün ilk yarısını 9-cu pillədə başa vurdu. Azər Məmmədovla başladnız, sonradan Adil Şükürov rəhbərlik etdi komandaya. Mövsümün ilk yarısını komanda üçün necə dəyərləndirirsən?

- Bəli, liqa aAzər Məmmədovla başladıq. Məncə, yaxşı da start verdik. Üç turu normal oynadıq. Sadəcə, komandanın büdcəsi az olduğundan, sponsor olmadığından müəyyən yerə qədər əlimizdən gələni edə bilirik. Ondan sonra bəzi şeylər özünü biruzə verdi. Təzyiqlər də çox oldu. Hamısı nəticəyə təsir edən məsələlərdir. Ən azından qışa sonuncu pillədə getmədik. “Qəbələ”yə qalib gəldik. Yaxşı kollektivimiz var. İnanıram ki, ikinci dövrə daha yaxşı, daha layiq olduğu yerlərdə olacaq.

- Necə düşünürsən, komanda çempionatın ikinci yarısında ilk yarı ilə müqayisədə daha uğurlu çıxış edə biləcək?

- Yeni formalaşmış komandaydıq. Oyunçuların çoxu kollektivə sonradan gəldi. Bəzi futbolçular hətta çempionat başlayandan sonra komandaya qatıldı. İnanıram ki, “Kəpəz” çox yaxşı nəticələr verəcək. Zamanla hər kəs yaxşı komanda olduğumuzu görəcək.

- Ev oyunlarınızı Tovuzda keçirməyiniz nəticələrinizə nə dərəcədə təsir edir?

- Oyunların Tovuzda keçirilməsi də bir az problemdir. Süni örtükdə oynayırıq. Biz təbii örtüklü meydançada məşq edirik. Oyundan-oyuna Tovuzda süni örtüyə çıxırıq. Komanda artıq neçə oyundur orada oynayır deyə, öyrəşir. Amma yenə də çətinlik var. Təbii örtüklə süni örtük arasında çox fərq var. 

- Ümumiyyətlə, bu mövsüm bir neçə ildən sonra Premyer Liqaya qayıtdın. Öz performansından necə, razısan? Yoxsa, daha yaxşı ola bilərdin?

- Ümidimi üzməyib, əlimdən gələni edib, neçə illərdən sonra axır-əvvəl Premyer Liqaya qayıtdığım üçün şadam. Düzdür, bir az çətinlik çəkirəm. Bu da oynamamaqla bağlı idi. Məncə, çempionatın ikinci yarısında bunlar tamamilə aradan qalxacaq. Dörd il idi ki, Premyer Liqada oynamırdım. Temp fərqi çox idi. Premyer Liqada oynamaqdan zövq alıram. Sadəcə, uzun müddət oynamırdım deyə, praktika baxımdan çətinlik oldu. Fiziki durumum yerində idi. Çox oynadıqca təcrübəm artır, əvvəlki təcrübəmi də özümə qaytarmış oluram. Futboçunun oyundan-oyuna təcrübəsi artır. İlk dövrədə çox şey öyrəndim. Komandaya xeyir verəcəyimə inanıram. 

- Vaxtı ilə "Xəzər Lənkəran" heyətində Premyer Liqada bütün diqqətləri üzərinə çəkmişdin. Premyer Liqada "Xəzər Lənkəran"ın yeri çox görünür?

-  “Xəzər Lənkəran”ın Premyer Liqadakı yeri çox görünür. Rəqabət olanda, çempionat daha maraqlı alınır. Rəqabət sırf Bakıda olmamalıdır, rayonlarımızda, şəhərlərimizdə də olmalıdır.  Tək mən yox, məncə, bütün Azərbaycan futbolunu sevənlər istəyərdi ki, “Xəzər Lənkəran” geri qayıtsın və çempionatımıza rəng qatsın. Azarkeşlərin marağı yüksək olurdu, “Xəzər Lənkəran”da yaxşı futbolçular oynayırdı, oradakı həmin atmosferin qayıdışı çempionata rəng qatardı. “Xəzər Lənkəran”ın Premyer Liqada yeri görünür, əksini deyənlər futboldan uzaq adamlardır. 

Mirbağırağa

Xəbər xətti