"Qarabağ"ın veteran futbolçusu Təbriz Həsənov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan Premyer Liqasının qış çempionu "Qarabağ" oldu. Halbuki, onlar çempionata qeyr-stabil başlamışdılar, amma sonradan rəqibləri üçün yenilməzə çevrildilər. Ağdam klubunun bu cür performansı yəqin ki, sizin üçün gözlənilməz deyildi?
- Elədir, bu, mənim üçün gözlənilməz deyildi. "Qarabağ"ın Azərbaycan çempionatında, avrokuboklarda göstərdiyi oyundan ehtimal etmək olardı ki, onlar turlar keçdikcə rəqiblərini geridə qoyacaqlar. Ümumiyyətlə, avrokuboklarda çıxış edən dörd klubumuzun hər biri çempionata startı yaxşı götürmədi. Lakin "Qarabağ"ın oyununda potensial görünürdü. Digər komandalar isə nədənsə, öz oyunlarını tapa bilmədilər. "Qarabağ"ın göstərdiyi oyun və yığdığı heyət ümid verirdi ki, onlar çempion olacaq. Bu gedişlə də "Qarabağ" bu mövsüm də çempionluğu heç kimə verməyəcək.
- "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki çıxışını necə dəyərləndirirsiz? Komanda əvvəlki illərdəkindən nə ilə fərqlənir?
- Sevindirici haldır ki, "Qarabağ" pley-off mərhələsinə yüksəldi. Təbii ki, bunu uzun illərdir gözləyirdik. Hər dəfə nəsə olurdu, amma bu dəfəki rəqiblərə baxanda, hiss edilirdi ki, komanda qrupdan çıxacaq. "Hekken" və "Molde" zəif deyildi. Lakin "Qarabağ"ın ikinci yeri tutmaq şansı olduğunu bilirdik. Onlar da bundan yararlandı. "Qarabağ" öz oyun üslubunu davam etdirir. Julio Romao, Marko Yankoviç, Leandro Anradenin oyununda artım var. Juninyo da gəldi. Çoxdandır ki, belə hücumçumuz yox idi. Yeni gələndə fərq hiss edilmirdi, amma get-gedə performansını göstərdi. Qol vurmağı bacarır, rəqib müdafiəçilərini hər zaman təzyiqdə saxlayır. Ən əsas dəyişiklik qapı mövqeyidir. Qapıçının etibarlı olması böyük ümid verir, komandanın oyununda arxayınçılıq yaradır. Mənə elə gəlir ki, Andrey Lunyovun "Qarabağ"a böyük təsiri var. Öz futbolçularımız da artırıb. Bəhlul Mustafazadəni də xüsusi qeyd etmək olar. "Qarabağ" daha təcrübəli olub, ağır rəqiblərə qarşı daha rahat oynamağı bacarıb. Futbolçularda soyuqqanlılıq əmələ gəlib. Komanda bir az da irəli gedə bilər.
- "Qarabağ"ın "Braqa" səddini keçəcəyini necə, ehtimal edirsiz? Ən azından iki oyunda heç-heçə edib, penaltilərlə rəqibi keçmək nə dərəcədə realdır?
- "Braqa" güclü rəqibdir. Portuqaliyada üç nəhəng klub var: "Benfika", "Sportinq" və "Porto". Onlardan sonra "Braqa" gəlir. Son illərdə dördüncü yeri elə onlar tutur. Hər zaman avrokuboklarda mübarizə aparır. Təcrübəli futbolçuları çoxdur. "Bayer"ə qarşı Bakıdakı oyun göstərdi ki, "Qarabağ" istənilən komandaya qarşı oynaya bilər. İlk oyunu səfərdə heç-heçə oynasalar, 100 faiz əminəm ki, "Qarabağ" Bakıda "Braqa"nı keçəcək. Ümid edirəm ki, səfərdən yaxşı nəticə ilə qayıdacaqlar. Müsbət cəhətimiz odur ki, "Qarabağ"ın əksər futbolçuları əvvəllər Portuqaliyada oynayıblar. Böyük komandalarda oynamayıblar, amma bunun özü də motivasiyadır ki, onlar Portuqaliyanın yaxşı komandalarına qarşı yaxşı oynayıb, özlərini sübut etsinlər. "Qarabağ" "Braqa"ya qarşı yaxşı oynayacaq. Ümid var ki, mərhələ adlasınlar.
- "Qarabağ"ın qışda güclənməyə ehtiyac olduğuna inanırsınız? Kevin Medinanın "Braqa" ilə matça çatmaq ehtimalı azdır. Bu rəqiblə matçlar üçün müdafiəçi transferinə ehtiyac var, yoxsa, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Maksim Medvedev və Rahil Məmmədov bu işin öhdəsindən gələ bilər?
- Təbii ki, "Qarabağ"ın mərhələ keçməsini klubun rəhbərliyi bizdən də çox istəyir. Onlar da münasib transfer tapsalar, edəcəklər. Medina həmin vaxta qədər sağalacaq ya, yox bilmirəm. Qışda Azərbaycan üçün münasib oyunçu tapmaq çətindir. Bilirəm ki, belə şans olsa, ondan istifadə edəcəklər. Mərhələ adlamaq üçün güclənməyə ehtiyac var. Yəqin ki, transferlər olacaq.
- "Qarabağ"ın daxili çempionatda çempion olacağına şübhəniz yoxdur? Miodraq Bojoviçin "Neftçi"si "Qarabağ"la çempionluq mübarizəsi apara bilər?
- Subyektiv fikrim budur ki, bu mövsüm "Qarabağ"a çatan olmayacaq, rahat çempionluq yaşayacaqlar. Nə Bojoviçin "Neftçi"si, nə də digərləri çempionluq uğrunda mübarizə apara bilər. Ən azından 2-3-cü yerlər oynayacaqlar. Lakin "Qarabağ" bu mövsüm çempion olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi